Cəbrayılda ikigünlük səyyar oftalmoloji müayinələr keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması məqsədilə kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi üzrə silsilə tədbirləri davam etdirir.
Növbəti belə aksiya nazirliyin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində keçirilib.
Operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunması məqsədilə aparılan ikigünlük səyyar oftalmoloji aksiyada müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə aksiya çərçivəsində 190-a yaxın vətəndaş müayinələrdən keçirilib.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası daha bir tibbi aksiyanı Mərdəkan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində keçirib.
Səyyar Klinikanın təşkil etdiyi daha bir aksiya Azərbaycan Tibb Universitetində (ATU) baş tutub. Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən ikigünlük tibbi aksiya Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilib. Aksiya çərçivəsində ATU-nun 200-ə yaxın həkim, müəllim və tələbəsi müayinə olunub.
Xəbəri paylaş