Müasir Azərbaycan səhiyyəsi tarixində yeni mərhələ:

Müasir Azərbaycan səhiyyəsi tarixində yeni mərhələ:

Meyit donorun orqanları transplantasiya edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölkə səhiyyəsində baş vermiş bir ilk haqqında məlumat yayıb.
Bildirilir ki, nazirliyin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib: “Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib. Bununla da orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.
Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü pasiyentə köçürülüb.
Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.
Bildiririk ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır”.
Səhiyyə Nazirliyi donorun yaxınlarına nəcib davranışlarına görə minnətdarlığını bildirib, peşə vəzifələrini yüksək səviyyədə icra etmiş tibb mütəxəssislərinə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizdə meyit donordan ilk orqan transplantasiyası əməliyyatları ilə bağlı olaraq Səhiyyə Nazirliyində brifinq keçirilib.
Tədbirdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib ki, 2024-cü ildə reanimasiya şöbələrində süni tənəffüs aparatı olan bütün xəstəxanalara məktub ünvanlanıb. Həmin məktubda daxil olan ağır xəstələr haqqında Koordinasiya Mərkəzinə məlumat verilməsi zərurəti əks olunub. O bildirib ki, ötən ildən Bakıda süni tənəffüs aparatı ilə təchiz olunan reanimasiya şöbələrində beyin ölümü diaqnostikası ilə bağlı təlimlər keçirilməyə başlanılıb: "2025-ci ildə hədəflərimiz regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya şöbəsi olan xəstəxanalarda da beyin ölümü diaqnostikasının təlimlərinin keçirilməsidir. Eyni zamanda, təhsil ocaqlarında ölümündən sonra donor olmağı təşviq və təbliğ etmək istiqamətində seminarların aparılması nəzərdə tutulub”, - deyə Y.Abbasova qeyd edib.
O əlavə edib ki, Azərbaycanda indiyədək 1000-dən çox böyrək transplantasiyası əməliyyatı, 500-dən çox qaraciyər, 300-dən çox buynuz qişa, 200-dən çox sümük iliyi transplantasiyası əməliyyatı icra olunub.
Yeganə Abbasova brifinqdə deyib ki, iki il ərzində 100 nəfərə qədər insan ölümündən sonra könüllü donor olmaq istəyini bildirib: "Bizim mərkəzin rəsmi saytına – odtkm.gov.az saytına daxil olaraq ölümümüzdən sonra donor ola bilərik. Eyni zamanda, “ASAN İmza” ilə donor olmaq mümkün olacaq. Bu yaxınlarda bu da həyata keçəcək. Həmçinin, mərkəzə gələrək Nazirlər Kabinetinin imzaladığı formanı təsdiq edərək donor olmağı bəyan etmək mümkündür", - deyə Y.Abbasova qeyd edib.
Mərkəzin İdarə Heyətinin sədri donorun yaşının və cinsinin gizli saxlanıldığını bildirib. Məlumat verib ki, beyin ölümü diaqnozu qoyulandan sonra təkrar testlər aparılır. Əgər beyin ölümü təsdiqlənərsə, o zaman Nazirlər Kabinetinin təsdiq etdiyi formaya əsasən mərhumun həyati fəaliyyətinin saxlanılması tədbirləri görülür: "Çalışırıq ki, ən azından ürəyin sinir sisteminin hesabına həmin mərhumun ürəyi 2-3 sutka döyünə bilsin. Orqanlar sağlamdırsa, bir donordan 10-11 nəfərə orqan köçürülə bilər".
Brifinqdə cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi və cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov həyata keçirdikləri əməliyyatlar haqqında məlumat veriblər.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova