Cəbrayılda və Zəngilanda kardioloji müayinələr keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası tərəfindən Cəbrayıl rayonunda və Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr keçirilib. Tədbirin ilk günündə Zəngilan rayonunun Ağalı kəndində tibbi müayinələr təşkil olunub. Növbəti gün tibbi aksiya Cəbrayıl şəhərində davam edib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində baş tutan ikigünlük aksiyanın əsas məqsədi vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
ETKİ-dən verilən məlumata görə, aksiya çərçivəsində institutun kardioloq, endokrinoloq və tibb bacısından ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış keçirilib, ExoKQ, EKQ müayinələri aparılıb. Eyni zamanda, qanda şəkərin, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Ümumiyyətlə, aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair Cəbrayıl və Zəngilan rayonlarının ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.

Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Direktorun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib.