Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi arıqlama çayları ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi elektron ticarət yolu ilə ölkəyə gətirilən “arıqlama çayı və qəhvələri” ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin yayımladığı müraciətdə deyilir ki, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır: “Həmin mallarla əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində güclü təsirə malik maddə hesab edilən sibutramin maddəsinin olduğu aşkar edilib.
Sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə və daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.
Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər, daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda, Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən, piylənmə əleyhinə vasitə kimi istifadə olunan sibutramin tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq, dövlət qeydiyyatından çıxarılması barədə qərar qəbul olunub və tərkibində sibutramin olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.
Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 092 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, miqren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, sibutramin tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub”.
Müraciətin sonunda əhaliyə piylənməyə qarşı mübarizədə sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur.