Süni intellekt xəstəliklərin erkən və daha dəqiq diaqnostikasına kömək edir

Süni intellekt xəstəliklərin erkən və daha dəqiq diaqnostikasına kömək edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu 2025-2030-cu illəri əhatə edən ikinci beşillik Avropa İş Proqramı (EPW2, The European Programme of Work 2) üçün hazırlıqlara başlayıb. Bu prosesin bir hissəsi olaraq ÜST-nin Avropa Regional Bürosu 2030-cu ilə qədər Avropa Regionu üçün vahid səhiyyə gündəliyi üzrə fikir mübadiləsi aparmaq, prioritetləri və tövsiyələri müzakirə etmək məqsədilə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar üçün genişmiqyaslı virtual ictimai dinləmələr təşkil edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu qəbildən onlayn formatda “Gələcəyin səhiyyə sistemləri: səhiyyədə texnologiyaların və innovasiyaların istifadəsi – hər yerdə və hər kəsin maraqlarına uyğun” mövzusunda videokonfrans keçirilib.
Beynəlxalq konfransda ölkəmizi səhiyyə naziri Teymur Musayev təmsil edib.
Videokonfransda çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge qeyd edib ki, yeni texnologiyalar, o cümlədən rəqəmsal alətlər səhiyyə sektorunu transformasiya etdirir. Onun sözlərinə görə, süni intellekt, dəqiq tibb, şəxsi və demoqrafik məlumatlardan daha yaxşı istifadə xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə kömək edir. Bu da nəticədə insanların sağlamlığının və rifahının yaxşılaşmasına gətirib çıxarır. Bununla belə, texnoloji tərəqqi qayğıkeş insan münasibətlərini əvəz edə bilməz.
Onlayn müzakirədə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev qlobal səhiyyənin son onillikdə, xüsusən də son iki-üç il ərzində sürətli texnoloji tərəqqi yaşadığını qeyd edib: “Səhiyyə sistemlərinin gələcəyinin daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir. Səhiyyə sənayesi texnoloji tərəqqi, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbə doğru addımların birləşməsi ilə formalaşacaq. Hazırda da süni intellekt, məlumatlar bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində həlledici rol oynayır”.
Nazirin sözlərinə görə, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər: “Planlaşdırma və sənədləşdirmə kimi təkrarlanan tapşırıqların avtomatlaşdırılması tibb işçilərinə öz diqqətlərini xəstələrin qayğısına fokuslamağa imkan verir. Eyni zamanda, rəqəmsal alətlər klinik qərarlar üçün dəstəyi təkmilləşdirir. Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edir, bununla da qərar qəbulunu sürətləndirir. Məlumat bazasının təhlili ictimai səhiyyə tendensiyalarının müəyyən olunmasına kömək edir, habelə hədəflənmiş səhiyyə strategiyalarının hazırlanmasına imkanlar yaradır. Bununla belə, biz süni intellekti səhiyyəyə inteqrasiya etdikcə, müvafiq qaydalar və etik prinsiplər vasitəsilə süni intellektə əsaslanan həllərin ədalətli və qərəzsiz istifadə olunmasını təmin etməliyik.
Səhiyyə sistemlərinin gələcəyinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsirləri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz yaşıl xəstəxanaların sayını artırmalı, enerjiyə qənaət edən səhiyyə müəssisələrinə və davamlı səhiyyə tullantılarının idarə edilməsinə sərmayə qoymalıyıq.
Rəqəmsal alətlər çox böyük faydalar təqdim etsə belə, onlar insanların qarşılıqlı əlaqəsini əvəz etməməlidir. Bu texnologiyalar tibb işçilərinə xəstələrə bilavasitə qulluq üçün daha çox vaxt ayırmağa imkan verən dəstəkləyici vasitələr rolunu oynamalıdır. Səhiyyə sistemləri süni intellekt və rəqəmsal həllərdən istifadə etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldıra, tibbi xidmətin keyfiyyətini yaxşılaşdıra, beləliklə, daha davamlı və səmərəli gələcək yarada bilər”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.
İclas zamanı ÜST-nin Avropa Regional Bürosuna üzv dövlətlərin, tərəfdaşların və vətəndaş cəmiyyətinin nümayəndələri səhiyyə sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq üçün sürətli texnoloji irəliləyişlərin potensialını, səhiyyə sistemlərinin texnoloji nailiyyətlərdən daha yaxşı istifadə etməsini təmin etmək üçün lazım olan əsas siyasət dəyişikliklərini, “rəqəmsal təcridlə” mübarizədə vətəndaşların və icmaların rolu kimi mövzuları müzakirə ediblər.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova