Azərbaycanlı alim ÜST-də yüksək vəzifəyə təyin edilib

Tibb və hüquq elmləri doktoru, məhkəmə təbabəti üzrə professor Vüqar Qurban oğlu Məmmədov ÜST-nin Avropa Regional Bürosunun “Əlillik və sağlamlıq” (Disability and Health) Texniki Məsləhət Şurasının həmsədri təyin edilib.
Bu barədə “Tibb qəzeti”nə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədov bildirib ki, ÜST-nin Avropa Regional Bürosunda Əlillik və sağlamlıq məsələləri üzrə Texniki Məsləhət Şurası (TMŞ) ilk dəfə olaraq yaradılır. Bu ekspert qrupunun əsas vəzifəsi əlilliyi olan insanların maraqlarını nəzərə alan milli səhiyyə sistemlərinin inkişaf etdirilməsi məqsədilə Avropa Regionunda ÜST-nin fəaliyyəti üçün əsas yaradılması olacaq. Qərbi və Şərqi Avropa, Mərkəzi Asiya və İsrail ölkələri də daxil olmaqla, regionda ÜST-yə üzv dövlətlərin sayı 53-dür. Yeni ekspert qrupu 13 noyabr 2024-cü il tarixində keçirilən texniki iclasda rəsmi olaraq yaradılıb və müvafiq beynəlxalq və milli qurumlarla məsləhətləşmələrdən sonra ötən ilin dekabrında fəaliyyətə başlayıb.
Şura ÜST-nin Avropa Regional Komitəsinin 2022-ci ildə keçirilən 72-ci sessiyasında yekdilliklə qəbul edilmiş “Əlilliyi olan insanlar üçün ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq üçün 2022-2030 illər üzrə ÜST-nin Avropa Fəaliyyət Çərçivəsi”nin həyata keçirilməsi məsələlərinə dair ÜST-nin Avropa Regional Direktoru ilə konkret məsləhətləşmələr aparacaq.

Vüqar Məmmədov bildirib ki, yeni məsləhət qrupunun yaradılması bütün regionda əlilliyi olan insanların sağlamlığının və hüquqlarının inkişaf etdirilməsi üzrə fəaliyyətdə mühüm mərhələ olacaq: “Əslində, konkret irəliləyiş əldə etməyin vaxtı çoxdan gəlib. TMŞ-nin kollektiv biliyi və təcrübəsi hökumətlərin, əlilliyi təmsil edən təşkilatların və digər maraqlı tərəflərin əlilliyi əhatə edən səhiyyə sistemlərini gücləndirmək üçün birlikdə həyata keçirə biləcəkləri strategiyalar və tədbirlər üçün təkliflərin hazırlanmasında əvəzsiz olacaq”.

TMŞ-yə Avropa regionunun 23 ölkəsindən növbəti 2 il ərzində Şurada fəaliyyət göstərəcək ekspertlər daxildir. Onlar əlillik və sağlamlıqla bağlı statistikadan, inklüziv siyasətlərdən və hüquqların qorunmasından əlilliklə bağlı həyat təcrübəsinə, abilitasiya/reabilitasiya və sosial inteqrasiya ilə bağlı yaşanmış təcrübələrə qədər geniş spektrli məsələlərə baxacaqlar.

TMŞ üzvləri alim və tədqiqatçı kimi öz fərdi qabiliyyətləri çərçivəsində xidmət edir, həmçinin səhiyyə orqanlarının, milli ictimai səhiyyə təsisatlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təcrübəsi ilə bölüşürlər. Şuranın iki həmsədrindən biri təyin olunduqdan sonra professor Vüqar Məmmədov ÜST-yə verdiyi müsahibəsində deyib: “Bölgəmizdə bir çox əlilliyi olan insanların tibbi xidmət və səhiyyə sahəsində qarşılanmamış ehtiyacları var. Bu problemin həlli üçün daha geniş siyasət və fəaliyyət tələb olunur. TMŞ ən effektiv, innovativ və elmi sübuta əsaslanan yanaşmalar üzrə ÜST-yə məsləhət verməklə, Əlillərin Hüquqları haqqında Konvensiyada qeyd olunduğu kimi, əlilliyi olan insanlar üçün ən yüksək sağlamlıq səviyyəsinə nail olmağı məqsəd qoyub”.

TMŞ ÜST-nin Avropa Regional Bürosuna əlilliyi olan insanların sağlamlığının möhkəmləndirilməsinə təsirli və innovativ yanaşmalar haqqında, bunların 53 ölkədə səhiyyə sistemlərində əlillik siyasətinin işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsində tətbiqi barədə təlimat verəcək. Bu fəaliyyət çərçivəsində şura əlilliyi olan insanların səhiyyə xidmətlərinə çıxışını asanlaşdırmaq və sağlamlığını yaxşılaşdırmaq üçün işlənməli olan proqramları, təşəbbüsləri və faktiki məlumatları qiymətləndirməyə kömək edəcək, müxtəlif ölkələrin ən yaxşı təcrübəsini bölüşəcək və investisiya ilə bağlı tövsiyələr verəcək.

Qeyd edək ki, ixtisasca məhkəmə təbabəti üzrə ekspert olan V.Məmmədov həm tibb, həm də beynəlxalq hüquq üzrə elmlər doktorudur, Azərbaycanda və onun hüdudlarından kənarda tibb və hüquq məsələləri üzrə mütəxəssis kimi tanınır. Professor V.Məmmədov dünyanın 54 ölkəsində məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika mövzularında mühazirələr oxuyub, seminarlar keçirib, Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Çin, Böyük Britaniya, Pakistan, İran, İndoneziya, Qazaxıstan, Ukrayna və Litva kimi ölkələrin 18 universitetində dəvət olunmuş professordur, 360 elmi əsərin, monoqrafiyaların və dərsliklərin müəllifidir.
Xəbəri paylaş