Səhiyyə Nazirliyi və Baş Prokurorluq: Xüsusi Təftiş Komissiyası hələ işini bitirməyib
![Səhiyyə Nazirliyi və Baş Prokurorluq: Xüsusi Təftiş Komissiyası hələ işini bitirməyib](/uploads/posts/2025-02/image_1.jpg)
Səhiyyə Nazirliyi və Baş Prokurorluq plastik cərrahların fəaliyyəti ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb. Bu məqsədlə Səhiyyə Nazirliyində Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır. Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək”.
Səhiyyə Nazirliyi və Baş Prokurorluq ictimaiyyət üçün həssas olan məsələyə diqqətlə və məsuliyyətlə yanaşmağa çağırır, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir.