Analitik Ekspertiza Mərkəzi özəl klinikalarda 300-dən çox yoxlama aparıb
Son dövrlərdə plastik cərrahiyyə ilə bağlı hadisələr ölkəmizdə özəl klinikaların fəaliyyətinə nəzarət məsələlərini də aktuallaşdırıb. Bununla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bildirib ki, 2024-cü il ərzində vətəndaş şikayətləri, dövlət və yerli özünüidarə orqanları tərəfindən müraciətlər və KİV-də yayılan məlumatlar əsasında AEM planlı və plandankənar yoxlamalar aparıb: "Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib".
Qurumdan əlavə olunub ki, yoxlamalar nəticəsində tibb müəssisəsinin lisenziyasız və ya lisenziyadan kənar fəaliyyət göstərməsi, ixtisaslaşmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun qaydalarına uyğun olmaması, həkimlərin sertifikatsız fəaliyyət göstərməsi kimi pozuntular müəyyən edilib. Aşkar olunan qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1, 215.3, 215.4-cü maddələrinə uyğun protokollar tərtib edilib.