“Tərəqqiyə təhdid”

“Tərəqqiyə təhdid”

İqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına mənfi təsiri ilə mübarizə üzrə tövsiyələr təqdim olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tərəqqiyə təhdid” hesabatının təqdimatı keçirilib. 2024-cü ildə UNICEF və İsveçin Karolinska İnstitutu tərəfindən birgə hazırlanmış hesabatda iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına mənfi təsiri ilə mübarizə üçün əsas tövsiyələr təqdim olunub.
Toplantıda Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova açılış nitqi ilə çıxış edərək bildirib ki, iqlim böhranı sağlamlıq üçün təhdiddir, xüsusən uşaqların həyatına, hamiləlik dövründən başlayaraq yeniyetməliyə qədər inkişafına təhlükəli təsir göstərir: “Mövcud və gələcək nəsilləri iqlim dəyişikliyinin davamlı təsirlərindən qorumaq üçün birgə səylərin artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir”.
UNICEF-in Azərbaycan nümayəndəsinin müavini Ana Dautoviç çıxışında bildirib ki, dünyada uşaqların təxminən 93%-i Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normalardan daha çirkli hava ilə nəfəs alır: “Hava çirklənməsinə uzunmüddətli məruz qalma ömür boyu davam edə biləcək sağlamlıq problemlərinə, o cümlədən tənəffüs xəstəliklərinə, zəifləmiş zehni inkişafa və hətta vaxtsız ölümə də səbəb ola bilər. Faciə təkcə bu nəticələrdə deyil, həm də əslində onların qarşısının alına biləcək olmasındadır”.
Azərbaycan Tibb Universitetinin dosenti, Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxışında iqlim təhlükələrinin uşaqların sağlamlığına təsirlərinə diqqəti yönəldib: “Təsir dairəsinə qidalanma, yoluxucu xəstəliklər, xəsarətlər, qeyri-infeksion xəstəliklər, hamiləliyin ağırlaşması və doğuşun mənfi nəticələri, psixi sağlamlıq, uşaqların ümumi rifahı daxildir”.
Tədbirdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edib. O, İSİM tərəfindən əhali arasında keçirilən sorğu-tədqiqatlar və nəticələr barədə ətraflı məlumat verib: “Sağlamlığın qorunması, o cümlədən iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın öyrənilməsi istiqamətində aparılan sorğu-tədqiqatlar yaşı 18 və ondan yuxarı olan respondentlər arasında keçirilib. İqlim dəyişikliyi ilə bağlı əsas məlumat mənbələrinin, ümumi ictimai təsəvvürlərin, insan sağlamlığına yaratdığı risklərin müəyyən edilməsi və digər məsələlərlə yanaşı, sorğuda iqlim dəyişikliyinə qarşı fərdi və qlobal mübarizə tədbirlərinə dair ictimai rəy də öyrənilib”.
UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin mütəxəssisi Rufus Edvards “Ətraf mühitin uşaqlara təsiri: Həllər və əsas müdaxilələr” mövzusunda çıxış edərək, ətraf mühit amillərinin sağlamlığa, xüsusən azyaşlıların inkişafına təhlükəli təsir göstərdiyini diqqətə çatdırıb.
Müvafiq dövlət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçən tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, iqlim böhranına qarşı mübarizədə əməkdaşlığın, maarifləndirmə və effektiv tədbirlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Tərəqqiyə təhdid” hesabatında artan iqlim problemləri fonunda uşaqların sağ qalması, sağlamlığının və rifahının qorunması üçün lazım olan əsas və təcili tədbirlər sadalanıb. Bu tədbirlərə 1,5°C həddinə çatmaq üçün emissiyaların azaldılması, sağlamlığı müəyyən edən sektorların onların ehtiyaclarına uyğunlaşmasını təmin etməklə uşaqların iqlim dəyişikliyinin təsirindən qorunması, sübut, məlumat və çoxtərəfli əməkdaşlıqda boşluqları aradan qaldırmaqla iqlim siyasətində, investisiya və fəaliyyətdə uşaqların sağlamlığına, rifahına üstünlük verilməsi kimi aktual istiqamətlər daxildir.
“Tərəqqiyə təhdid” hesabatı ilə www.unicef.org/reports/threat-to-progress ünvanında tanış ola bilərsiniz.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova