Səhiyyə Nazirliyi Zəngilanda səyyar müayinələr təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələrin, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qurumun təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Zəngilan rayonunun Ağalı kəndində baş tutub. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən əhali üçün səyyar müayinələr keçirilib.
Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaşlı əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.
Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarının fərdi olaraq təyin edilməsinin sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.
Aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Həmçinin məktəb yaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtın düzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Kompüterdən uzun müddət istifadənin sağlamlığa təsiri barədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəb çantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsini nəzərdə tutur.