Ölkəmizdə ilik transplantasiyasının onilliyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Ölkəmizdə ilik transplantasiyasının onilliyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycanda sümük iliyi transplantasiyası əməliyyatları həyata keçirilməsinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyədən, Rusiya Federasiyasından, Qazaxıstandan və Belarusdan olan ümumilikdə 150-dən çox mütəxəssis iştirak edib.
Tədbirin açılış mərasimində Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və digər əlaqədar qurumların rəhbər şəxsləri çıxış ediblər.
Mərasimdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, sümük iliyinin köçürülməsi əsasən qan xəstəliklərinin müalicəsi üçün tətbiq olunan üsuldur: "Sümük iliyinin köçürülməsi əməliyyatı 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur. On il ərzində Azərbaycan bu sahədə böyük təcrübə qazanıb. Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. Sümük iliyinin köçürülməsi üçün Azərbaycanda zəruri maddi-texniki baza və kadr hazırlığı mövcuddur. Bu illər ərzində ölkəmizdə 200-ə yaxın xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib. Bu müalicənin kontingenti əsasən talassemiyalı xəstələrdir. Müalicələrin nəticəsi də çox yaxşıdır", - deyə nazir müavini bildirib.
Səhiyyə nazirinin müavini bu sahədə problemlərin mövcud olduğunu da qeyd edib, əsas problemin donorun tapılmaması ilə bağlı olduğunu söyləyib: "Dünya üzrə sümük iliyi geniş tətbiq olunan ölkələrdə 20 milyondan artıq donor haqqında məlumat var. İnsanlar arasında donor olmaq haqqında kampaniyaların aparılması vacibdir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxışında qeyd edib ki, 2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əlavə olunub. "Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə çalışan müalicə müəssisələrinin artırılması, kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi sayəsində bu say çoxaldılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb. Burada allogen transplantasiyaya 70 min manat, autogen transplantasiyaya 31 min manat sərf olunub. İcbari tibbi sığorta ilə 2023-cü sentyabrından bu günə kimi 6 cərrahi əməliyyat keçirilib. Bunların 3-ü allogen, 3-ü isə autogen xəstələr olub. Bu məqsədlə 259 min manat vəsait Milli Hematologiya və Transfuziologiya Mərkəzinə köçürülüb”, - deyə N.Veysova qeyd edib.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov qurumun tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantologiya şöbələrinin yaradıldığını və onların bəzilərinin fəaliyyəti üçün icazələr alındığını qeyd edib. "Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək. Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramı fəaliyyət göstərir. Həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr aparılır. Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq”, - deyə icraçı direktorun müavini vurğulayıb.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova sümük iliyi transplantasiyasının həyata keçirildiyi 10 il ərzində ölkəmizdə hər il 20-30 belə əməliyyatın icra olunduğunu bildirib. Qeyd edib ki, hər il dövlət proqramı çərçivəsində 30-a yaxın böyrək transplantasiyası əməliyyatı icra edilir.
Y.Abbasova əlavə edib ki, sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində 2023-cü ilin iyul ayında 25 Azərbaycan vətəndaşı Türkiyəyə ilik köçürülməsi üçün göndərilib və əməliyyatlar uğurla icra olunub. “Bundan əlavə, 2023-cü ilin avqustun 4-də 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplantasiyası əməliyyatı “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilib. 2022-ci ilin dekabrın 4-dən, yəni bizim mərkəzin fəaliyyətə başladığı dövrdən etibarən Nazirlər Kabinetinin tətbiq etdiyi hüquqi sənədlərlə 22 böyrək transplantasiyası əməliyyatı icra olunub", - deyə Y.Abbasova vurğulayıb.
Nərkəzin rəhbəri çıxışında həmçinin donor olmaq istəyənlərə çağırış edib.
Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 2014-cü ildən bu günə qədər ilik tranplantasiyası uğurla icra edilmiş 191 xəstədən 159 nəfəri talassemiya xəstəsi olub. S.İsmayılova mərkəzin ən böyük göstəricisinin 2022-ci ildə qeydə alındığını, həmin il 29 xəstənin əməliyyata götürüldüyünü vurğulayıb: "Bu il əməliyyat olunacaq xəstə sayını 30-a qədər artırmaq niyyətindəyik. Transplantasiya olunan 159 talassemiyalı xəstənin 153-ü hazırda yaşayır. Bu, çox ciddi bir rəqəmdir. Yalnız 6 nəfər dünyasını dəyişib. Əməliyyat olunanlardan 143 xəstə sağlam şəkildə həyatını davam etdirir və tam olaraq xəstəlikdən sağalıblar. 10 xəstədə transplant qopması müşahidə olunub və bu xəstələr də hazırda həyatdadırlar. Amma 10 xəstənin xəstəliyi yenidən geri qayıdıb", - deyə direktor müavini bildirib.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel sessiyalarla davam etdirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova