Səhiyyə Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib

Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Anım Günü ilə əlaqədar nazirliyin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan qələbənin və qəhrəmanlıq salnaməsinin şərəfinə Zəfər parkında xatirə daşı qoyulub.
Xəbəri paylaş