“Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib
Səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı dövründə tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının istifadəsini, kliniki, sosial və iqtisadi effektivliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün müasir, informasiya və texnologiyalara əsaslanan sübutlu tibbi təhsil konsepsiyası həyata keçirilməlidir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) bu istiqamətdə davamlı tibbi təhsil üzrə görülən işlər çərçivəsində “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir ADHTİ, Seçenov Universiteti və “Razvitie” MMC-nin birgə təşkilatçılığı ilə baş tutub.
İnstitutdan verilən məlumata görə, toplantıda açılış nitqi ilə çıxış edən ADHTİ-nun rektoru professor Nazim Qasımov konfransın Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud əməkdaşlıq sazişləri çərçivəsində keçirildiyini bildirib. O, ölkəmizdə səhiyyə sistemində gedən inkişafdan danışıb, rəhbərlik etdiyi müəssisədə davamlı tibbi tədris konsepsiyası çərçivəsində tətbiq olunan yeniliklər barədə məlumat verib.
“Razvitie” MMC-nin baş direktoru Vadim Qvozdkov yaratdıqları “Piroqov” interaktiv kompleksinın tibbi təhsil sistemındə tətbiqinin üstünlüklərindən danışıb və konfransın işinə müvəffəqiyyət arzulayıb.
Konfrans öz işini 2 sessiyada davam etdirib. Sessiyalarda əsas məruzəçi kimi Seçenov Universitetinin N.V.Sklifosovski adına Kliniki Tibb İnstitutunun Operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasının professoru, tibb elmləri doktoru Yuriy Vasilyev, ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri dosent Həsən Əsədov və Seçenov Universitetinin Bakı filialının prorektoru Zəhra Vəzirova çıxış ediblər.
Konfrans iştirakçıları nümayiş olunan kliniki halların araşdırılmasında fəal iştirak edib, diskussiya aparıblar.