Səhiyyə naziri: Təyyarə qəzasında yaralanan həmvətənlərimizin vəziyyətləri stabil və qənaətbəxşdir
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində yaralanan həmvətənlərimizin vəziyyətləri stabildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstanda baş vermiş təyyarə qəzasında yaralanmış həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib. “Həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir”, - deyə nazir əlavə edib.
Teymur Musayev bildirib ki, yaralanan şəxslərdən üç Azərbaycan vətəndaşının müalicəsi Qazaxıstanda davam etdirilir. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Nazirin sözlərinə görə, yaralananların xəsarətləri əsasən travmatik zədələrdir, sınıqlar və küt travmalar müşahidə olunur. “Ağır vəziyyətdə olan şəxslər hazırda süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədirlər. Onların vəziyyətində müsbət dinamika müşahidə edildikdən sonra təxliyə həyata keçiriləcək”, - deyə nazir vurğulayıb.
Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin Azərbaycana gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımların atıldığını söyləyən nazir onu da bildirib ki, Qazaxıstanda müvafiq hüquqi və kriminalistik araşdırmalar tamamlandıqdan sonra nəşlər Azərbaycana gətiriləcək və dəfn olunacaq.
Səhiyyə naziri Teymur Musayev qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. O, hadisənin başvermə səbəbləri ilə bağlı ilkin araşdırmaların davam etdiyini vurğulayaraq deyib: “Hazırda bu mövzuda dəqiq açıqlama verilməsi mümkün deyil və hadisənin bütün təfərrüatları yalnız istintaq tamamlandıqdan sonra məlum olacaq. Azərbaycan dövləti Qazaxıstanla sıx əlaqədədir, həmvətənlərimizin müalicəsi və dəstəklənməsi üçün bütün mümkün tədbirləri davam etdirəcək”.
Nazir onu da qeyd edib ki, aviaqəza ilə bağlı şəxsiyyəti müəyyənləşdirilməyənlər var, onların DNT analizləri aparılır. Onun sözlərinə görə, qəzada həlak olanlar arasında şəxsiyyəti hələ də müəyyənləşdirilməyənlərdən DNT nümunələri götürülüb və hazırda proses davam etdirilir. “DNT analizlərinin nəticələri onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi və yaxınlarına məlumat verilməsi üçün vacibdir. Bu proses diqqətlə və operativ şəkildə həyata keçirilir”, - deyə Teymur Musayev vurğulayıb.