Əhali arasında sağlam həyat tərzi ilə bağlı sorğu aparılıb

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali arasında sağlamlığın qorunması, sağlam həyat tərzi davranışlarının və tibbi biliklərə dair məlumatlılığın öyrənilməsi məqsədilə sorğular keçirilib.
“Reproduktiv yaşda olan qadınlar arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə üzrə məlumatlılıq səviyyəsinin öyrənilməsi” sorğusunda iştirakçılara arzuolunmaz hamiləliyin qarşısını almaq üçün müasir üsullar barədə suallar verilib. Arzuolunmaz hamiləliyin qarşısını almaq üçün 7 üsul (prezervativlər, kontraseptiv həblər, inyeksion kontraseptivlər, uşaqlıqdaxili spiral, sterilizasiya, yarımçıq cinsi akt, təqvim metodu) barədə respondentlərin məlumatlılıq səviyyəsi oyrənilib. Nəticələrin təhlili orta məlumatlılıq səviyyəsinin 82,4 faiz olduğunu göstərib.
İSİM tərəfindən aparılmış digər bir sorğunun məqsədi paytaxtda və regionlarda sağlam həyat tərzini təbliğ edən tədbirlər, əhali arasında fiziki aktivliyin əhəmiyyəti barədə məlumatlılıq səviyyəsinin öyrənilməsi olub. Sorğu nəticələrinə əsasən, məlumatlılıq səviyyəsi 75,6 faiz təşkil edib.
İmmunizasiyanın əhəmiyyəti barədə məlumatlılığı artırmaq və bu istiqamətdə əhalinin fikirlərini öyrənmək məqsədilə keçirilən sorğuda valideynlər iştirak ediblər. Onlara uşaqlarına profilaktik peyvəndlərin edilib-edilməməyi, peyvəndlər haqqında məlumatı haradan əldə etdikləri, peyvəndlənməyə hər hansı maneə və ya problem olub-olmamağı, profilaktik peyvəndlərin uşağın sağlamlığı üçün nə dərəcədə vacibliyinə dair suallar, həmçinin müvafiq tövsiyələr verilib. Sorğuda iştirak edənlərin profilaktik immunlaşdırmadan məmnunluq səviyyəsi 89,2 faiz olub.
Növbəti sorğu əhali arasında sağlam həyat tərzi barədə məlumatlılıq səviyyəsinin öyrənilməsi, habelə sağlam davranışlara gündəlik həyat tərzində necə riayət edilməsi ilə bağlı məlumatları toplamaq məqsədilə aparılıb. Sorğu nəticəsində respondentlərə gündəlik həyat tərzi, zərərli vərdişlər, fiziki aktivlik, yuxu rejimi və s. üzrə suallar verilib, eyni zamanda, maarifləndirmə aparılıb, sağlam həyat tərzi seçməyin üstünlükləri izah olunub. Sorğu nəticəsində 296 respondent yüksək bal toplayıb. Bu isə iştirakçıların 58,8 faizinin sağlam həyat tərzi davranışlarına riayət etdiyini göstərib.
Qeyd edək ki, İSİM tərəfindən aparılan bu sorğuların nəticələri hazırda təhlil edilərək analiz olunur və əhalinin sağlamlığının qorunması və müdafiəsi istiqamətində müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulur.


Xəbəri paylaş







