Qarabağ Universitetində “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir təşkil edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirin əsas məqsədi antibiotiklərin düzgün istifadəsi barədə fikir mübadiləsi aparmaq və gəncləri maarifləndirmək olub.
Tədbirdə universitetin müəllim və tələbələri, həmçinin İSİM-in ekspert və mütəxəssisləri iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə çıxışında müasir təhsil modeli ilə seçilən Qarabağ Universitetinin tibb tələbələrinə uğurlar arzulayıb. O, ictimai səhiyyənin aktual istiqamətlərindən, ölkədə sağlamlığın qorunması üçün Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib.
Tədbirdə antibiotiklərdən düzgün istifadənin təşviqi ilə bağlı ətraflı təqdimatlar olub.
Tədbir tələbələrin antibiotiklərlə bağlı suallara cavab verdiyi və öz təkliflərini bildirdiyi interaktiv oyunla davam edib.
Xəbəri paylaş







