Varikozdan xilas olmağın təbii yolları

Varikozdan xilas olmaq üçün heç də həmişə əməliyyat etdirmək, bəzən sağlamlıq üçün təhlükəli olan bahalı dərmanlar almaq vacib deyil. Ev şəraitində, təbii tərkib hissələrindən ibarət təhlükəsiz xalq təbabəti reseptlərinin köməkliyi ilə də ondan can qurtarmaq olar.
Sarımsaq və yağ
Təmizlənmiş təzə sarımsağı xırda-xırda doğrayıb, 1:2 nisbətdə yumşaq kərə yağı ilə qarışdırmaq, hazır kütləni gecə yatmazdan qabaq varikozlu yerə qoyub, şərflə və ya elastik bintlə fiksasiya etmək yaxşı nəticə verir. Bundan sonra səhər ayağı yuyub isti corab geyinmək lazımdır.
Pomidor
Bir-iki yaşıl pomidoru dilim-dilim doğramaq, xəstə yerə qoyub, bint və ya tənziflə fiksasiya etmək də effektiv metoddur. Üstdən şərf də bağlamaq olar. Təxminən 3 saatdan sonra sarğını açmaq, ayaqları 15 dəqiqəliyə ilıq, duzlu suya qoymaq lazımdır.
Yovşan və süd
Qurudulmuş və həvəngdə narın döyülmüş acı yovşanı ilıq südlə qarışdırıb pasta vəziyyətinə salırlar, varikozlu yerə yaxırlar, üstündən sellofan qoyub bintlə, yaxud şərflə sarıyırlar.
Gicitkən
Varikozun gicitkənlə müalicəsi uzun sürür, lakin effektiv və təhlükəsizdir. Bunun üçün 5-7 ay ərzində gicitkən dəmləməsi içmək lazımdır. Bu müddətdə onu 3-5 həftə içirlər, sonra 10-14 gün fasilə verib, yenidən müalicəni davam etdirirlər. Müalicə müddətində yağlı və qızarmış yeməklərdən istifadə edilməməlidir.
Gicitkən dəmləməsi belə hazırlanır: 2 xörək qaşığı xırdalanmış gicitkən yarpağının üstünə 200 ml qaynar su tökülür, qapağı örtülür və 1 saat isti yerdə dəmlənir. Bundan sonra onu süzgəcdən, ya da tənzifdən süzürlər, gündə 3 dəfə, stəkanın dörddə biri qədər içirlər.
Mayaotu qozası
Mayaotunun quru qozalarının üstünə 1 stəkan qaynar su töküb, asta odda 3 dəqiqə qaynadır və oddan götürürlər. Soyuyanadək dəm alır. Bu dəmləməni 2-3 ay müddətində, gündə 1 dəfə yeməkdən 20 dəqiqə əvvəl, yarım stəkan içmək lazımdır. Məhluldan gecələr ayaqlara ilıq kompres eləmək üçün də istifadə oluna bilər.
Cövüz (muskat qozu)
Bir neçə cövüz qəhvə üyüdəndə, ya da həvəngdə un vəziyyətinə salınır. Bir xörək qaşığı belə tozun üstünə 1 stəkan qaynar su tökülür. 5-10 dəqiqədən sonra 1 xörək qaşığı bal əlavə edilir. Bu qarışıq bir neçə saat isti yerdə dəm alandan sonra ondan gündə 3 dəfə, yeməkdən 20 dəqiqə əvvəl, stəkanın dörddə biri qədər qəbul edirlər.
Əzvay, bal və soğan
Varikoz əleyhinə bu reseptdə isə bitki və heyvan mənşəli maddələrlə yanaşı, dərmanlar da var. Onun tərkibinə əzvay (aloye) şirəsi, baş soğanın suyu, bal, Vişnevski məlhəmi, ixtiol məlhəmi, maye təsərrüfat sabunu, əridilmiş donuz piyi (keçi piyi də olar) daxildir. Bunların hər birindən 1 xörək qaşığı götürüb qazançaya qoymaq, qarışdıra-qarışdıra qaynamaq dərəcəsinə çatdırmaq lazımdır. Ancaq qaynatmaq olmaz! Alınan məlhəmi soyuduqdan sonra ayağa çəkir, üstünə parça qoyur və sıxmamaq şərtilə bintlə sarıyırlar. Sarğı bütün gün və gecə ayaqda qalır. Hazırlanmış məlhəm bitənədək prosedur hər gün təkrar edilir.
Qeyd etmək lazımdır ki, xalq təbabəti metodları nə qədər təbii, təhlükəsiz və effektiv olsa da, onlar həkim məsləhəti ilə və həkim nəzarəti altında tətbiq edilməlidir.
Xəbəri paylaş