Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul etdi
Ölkəmizin müxtəlif şəhər və rayonlarda dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 5-də Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin Şirvan Müalicə Diaqnostika Mərkəzində qəbul günü keçirilib. Şirvan şəhəri ilə yanaşı, Saatlı, Sabirabad, Hacıqabul və Kürdəmir rayonlarının qəbul üçün müraciət etmiş sakinləri öz xahiş, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.
Qəbula gələn 12 nəfərin müraciətləri əsasən sağlamlıq problemləri, işlə təminat və s. mövzularla bağlı olub. Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb, digər qrup müraciətlərlə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.