Sumqayıtda tibb müəssisələrinin açılışı oldu
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin açılış mərasimləri artıq ənənə halını alıb. Bu qəbildən daha iki müəssisə Sumqayıt şəhərində əhalinin istifadəsinə verilib.
Bunlardan biri Sumqayıt şəhər 1 saylı Doğum Evidir. Əsaslı təmirdən sonra istifadəyə verilən 75 çarpayılıq tibb ocağı ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum Evində Cərrahiyyə və Reanimasiya şöbələri də fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da mövcüddür. Tibb ocağında Yeni doğulmuşların reanimasiya şöbəsi də yaradılıb. Doğum Evinin Mama-ginekoloji şöbəsində 3 doğuş zalı, 2 cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib.
50 çarpayılıq Sumqayıt Şəhər Vərəm Əleyhinə Dispanser də əsaslı təmirdən sonra istifadəyə verilib. Binada laboratoriya şöbəsi, DOT, EKQ və rentgen otağı fəaliyyət göstərir. Rentgen otağındakı avadanlıq İtaliyadan gətirilib və aparat yüksək proqram təchizatı ilə təmin edilib. Dispanserin laboratoriyası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Tibb ocağının həyəti abadlaşdırılıb, asfalt döşənib, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.