Prezident səhiyyə qanunvericiliyinə dəyişiklikləri imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə ilə bağlı bir neçə qanunvericilik aktına dəyişikliklər edilməsi barədə Milli Məclis tərəfindən qəbul olunan yeni qanunları imzalayıb.
Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunlara dəyişikliklər olunub, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna müəyyən dəyişikliklər edilib.
Dövlət başçısı həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Sərəncam və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman da imzalayıb.