Bakı I Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edib

Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təsisatlarını bir araya gətirən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olub.
Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət–özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənləri əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.
Konfransda İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislər iştirak ediblər.
Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim ediblər.
İSİM-dən verilən məlumata görə, I Beynəlxalq İnklüziv Məşğulluq Konfransının ilk günündə Prezident İlham Əliyevin gəlini Alyona Əliyevanın iştirak etdiyi rəsmi açılış mərasimi keçirilib.
Daha sonra beynəlxalq konfrans öz işini panel sessiyalarla, müxtəlif praktiki təlimlərlə davam etdirib.
Konfransında çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş direktoru Səbinə Babazadə bildirib ki, tədbirin məqsədi yalnız tibbi və elmi məsələləri müzakirə etmək deyil, həm də cəmiyyətimizin mühüm sosial məsuliyyətlərindən biri olan əlil şəxslərin sağlamlığının, inkişafının, təhsilinin və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində birgə yanaşmaları müəyyənləşdirməkdir: “Bu mövzuya yalnız tibbi problem kimi deyil, insan hüquqları, bərabər imkanlar, inklüzivlik və ictimai rifah baxımından da yanaşmaq vacibdir”.
İSİM-in baş direktoru vurğulayıb ki, hər bir uşağın və ailənin fərdi ehtiyaclarının nəzərə alınması, onların vaxtında müvafiq mərkəzlərə yönəldilməsi və davamlı dəstəklə təmin olunması xüsusi əhəmiyyət kəsb edir: "Bu istiqamətdə əsas prioritetlərdən biri inkişaf xüsusiyyətlərinin erkən müəyyən edilməsi və dəstəyin vaxtında göstərilməsidir. Erkən aşkarlanma, düzgün qiymətləndirmə, müvafiq müdaxilə və davamlı dəstək uşaqların potensialının inkişafına, ünsiyyətinin və sosial bacarıqlarının gücləndirilməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, valideynlərin məlumatlandırılması və mütəxəssislərin dəstəklənməsi bu prosesin ayrılmaz hissəsidir. Əhalinin sağlamlığının qorunması yalnız xəstəliklərin qarşısının alınması ilə məhdudlaşmır, həm də sağlamlıqla bağlı məlumatlılığın artırılması, erkən profilaktik yanaşmaların təşviqi, səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəlməsi, eləcə də müxtəlif sahələr arasında səmərəli əməkdaşlığın qurulmasını ehtiva edir. Bununla yanaşı, cəmiyyətdə düzgün məlumatların gücləndirilməsi, yanlış təsəvvürlərin və narahatlıqların aradan qaldırılması da mühüm vəzifələrimizdəndir. Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq, onların hüquqlarına hörmət etmək və belə şəxslər üçün bərabər imkanların yaradılmasına töhfə vermək hər birimizin məsuliyyətidir".
Səbinə Babazadə konfransın işini yüksək qiymətləndirib, onun autizmli və xüsusi qayğıya ehtiyacı olan digər şəxslərin əmək bazarına inteqrasiyasına, onların potensialından səmərəli istifadəyə geniş yol açdığını vurğulayıb.
"SOCAR Midstream Gas Operations”in icraçı direktoru Polad Rüstəmov bildirib ki, biznes baxımından müasir əmək bazarında şirkətlərin qarşısında çoxsaylı tapşırıqlar var. Belə mühitdə cəmiyyətin insan potensialının bir hissəsi kənarda qalmamalıdır. Buna görə inklüziv məşğulluq yalnız sosial siyasət deyil, eyni zamanda, iqtisadi inkişafın bir hissəsidir. İnklüzivlik xüsusi imkan yox, bərabər imkan kimi qiymətləndirilməlidir.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova deyib ki, dəstəklənən məşğulluq modeli göstərir ki, düzgün hazırlıq, fərdi dəstək, işəgötürənlərlə həmrəyliklə neyrorəngarəng gənclər real iş mühitində uğur qazana bilərlər.
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev vurğulayıb ki, inklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır. O, BSU-da 2022-ci ildən həyata keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə" layihəsi barədə məlumat verib.
İki gün davam edən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində "İctimai birlik və məşğulluq siyasətləri" adlı panel sessiya keçirilib.
Digər panel sessiyada isə autizmli gənclər iş təcrübələrini bölüşüblər.
"Gen İlaç" şirkətinin inklüziv əməkdaşı İdil Dənizli şirkətdə autizmli şəxslər üçün yeni layihədən danışıb. Onlayn müsahibə və üzbəüz görüşdən sonra işə qəbul edildiyini deyib. Bildirib ki, şirkərdə işə uyğunlaşmağı üçün bütün şərait yaradılıb və iş mühiti əvvəlcədən onun üçün hazırlanıb. Nəticədə, onun özünə inamı artıb.



Xəbəri paylaş








