Sizin Reklam Burada!

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Ümumdünya Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Ümumdünya Sammitində iştirak edib

Leyla Əliyeva uşaq onkologiyası üzrə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Özbəkistanın Səmərqənd şəhərində “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” mövzusunda Ümumdünya Sammiti keçirilib.
Sammitin açılış mərasimində Özbəkistan, Qırğızıstan, Türkiyə, Livan və Zimbabvenin birinci xanımları, eləcə də beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri çıxış ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, sammit çərçivəsində təşkil olunan tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov iştirak ediblər.
100-dən çox ölkədən 600-dən artıq nümayəndənin bir araya gəldiyi sammitdə uşaqların sağlamlığının qorunması, sosial rifahının və inkişafının təmin edilməsi, eləcə də uşaq onkologiyası sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.
Tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir”, - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. “Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır”, – deyə o əlavə edib.
Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqlara və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.
Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib: “Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq”.
Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: “İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır”, – deyə Leyla Əliyeva bildirib.
Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.
Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.
Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, sammit çərçivəsində keçirilən “Gələcək nəsillərə investisiya: uşaqların ehtiyaclarına həssas sosial müdafiə sistemləri” mövzusunda 2-ci plenar sessiyada səhiyyə naziri Anar Bayramov çıxış edib. Nazir çıxışında Azərbaycanda uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Səhiyyə naziri qeyd edib ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun layihələri də uşaqların sağlamlığının, təhsilinin və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Anar Bayramov uşaqların sağlamlığının qorunmasına yönəlmiş tədbirlərin insan kapitalının gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyətini də vurğulayıb.
İkigünlük sammitin yekununda uşaqların sağlamlığı, sosial müdafiəsi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini əks etdirən “Səmərqənd Bəyannaməsi” qəbul olunub.





Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova