Sizin Reklam Burada!

“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər”

“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər”

Bakıda bu mövzuda elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil edib.
Mərkəzdən veriləm məlumata görə, konfrans çərçivəsində İSİM tərəfindən ictimai səhiyyənin aktual mövzularına dair müxtəlif illərdə görülən işləri əks etdirən foto və çap materiallarından ibarət sərgi nümayiş olunub.
Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Tədbirdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə və tibb işçiləri, tanınmış şəxslər iştirak ediblər.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov açılış nitqi ilə çıxış edərək, ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən söz açıb. O, əlamətdar gün – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılmasının 20 illiyi münasibətilə Mərkəzin kollektivini təbrik edib, ötən illər ərzində görülən işləri yüksək qiymətləndirib, ictimai səhiyyə sahəsində qarşıda duran mühüm strateji hədəfləri diqqətə çatdırıb.
Ölkəmizdə ictimai səhiyyə bazasının formalaşma tarixindən və keçilən şərəfli yoldan bəhs edən “Azərbaycanda ictimai səhiyyə: keçilən yol və gələcəyə baxış” adlı video-çarx nümayiş olunub.
İSİM-in direktoru Səbinə Babazadə “Keçmişin təcrübəsi, bu günün çağırışları, sabahın hədəfləri” mövzusunda geniş təqdimatla çıxış edərək Mərkəzin 20 illik fəaliyyətini, həyata keçirilən layihələri və gələcək planları iştirakçıların diqqətinə çatdırıb.
Rəsmi hissədə Milli Məclisin deputatları Rəşad Mahmudov və İlham Məmmədov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova, eləcə də Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxış edərək səhiyyə sahəsində idarəetmə, elm, təhsil və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
İSİM-in sabiq direktorları – hazırda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov və İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev mərkəzin formalaşma mərhələlərindən, ictimai səhiyyənin müasir dövrdə gündən-günə artan rolundan bəhs ediblər.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ictimai səhiyyə işçilərinin aktiv fəaliyyətini yüksək qiymətləndirərək, Mərkəzin 20 illiyi münasibətilə təbrik məktubunu İSİM-in direktoru Səbinə Babazadəyə təqdim edib. Eyni zamanda, İSİM-in dörd əməkdaşı – Nərmin Azadova, Sevda Məmmədova, Nigar Abdullayeva və Fatimə Bayramovaya uğurlu fəaliyyətinə görə Fəxri Fərmanlar təqdim olunub, onlara yeni-yeni müvəffəqiyyətlər arzulanıb.
Rəsmi hissənin yekununda Səhiyyə Nazirliyi İnsan resursları və təhsil şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Könül Səlimova İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə və səhiyyə sahəsində səmərəli fəaliyyətlərini nəzərə alaraq bir qrup İSİM əməkdaşlarının təltif olunması ilə bağlı səhiyyə naziri Teymur Musayevin Əmrini diqqətə çatdırıb. Səhiyyə nazirinin müavini Nadir Zeynalov təltifləri təqdim edərək hər birinə fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
Konfrans bədii proqramla davam edib, M.Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdi Alida Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Əlisahib Bayramov, həmçinin “Mavi ürəklər” inklüziv musiqi qrupunun çıxışları alqışlarla qarşılanıb.
Konfransın elmi hissəsində səhiyyənin aktual məsələləri üzrə müxtəlif tədqiqat və layihələr üzrə görülən işlər təqdim olunub.
İlk olaraq, Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq eksperti, ATU-nun 2-ci Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərova “Azərbaycan Pediatrlar Assosiasiyası: milli pediatriyanın təşəkkülündən müasir səhiyyə islahatlarına” mövzusunda məruzə ilə çıxış edib.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Gənclər arasında tütündən istifadənin Qlobal Tədqiqatı (GYTS). Azərbaycan 2016/2024. Müqayisəli nəticələr” və Metodiki şöbənin müdiri Billurə Yusifova “Qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə müqayisəli hesabat. Azərbaycan, STEPS tədqiqatı (2011, 2017, 2025)” mövzusunda danışaraq, tədqiqat nəticələrini diqqətinə çatdırıblar.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi" sorğusunun 2017-2026-cı illər üzrə nəticələrinin müqayisəli təhlilini, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “İctimai səhiyyədə rəqəmsal həllər: İSİM-in təşəbbüsü ilə yaradılan platforma və tətbiqlər”i iştirakçılara təqdim ediblər.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva iqlim və ətraf mühit amillərinin sağlamlığa təsirləri, ekoloji biliklər və PM2.5 hava çirklənməsi üzrə araşdırmalar barədə, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova isə İSİM tərəfindən aparılan tədqiqatlarda reproduktiv sağlamlığa dair əldə olunan nəticələr mövzusunda məlumat veriblər.
İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edərək, COVID-19 dövründə İSİM tərəfindən keçirilən tədqiqatlarda əldə edilən nəticələri diqqətə çatdırıb.
Konfransda ictimai səhiyyə üzrə ölkəmizdə görülən işlər üzrə səmərəli fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.






Xəbəri paylaş


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova