Komitə sədri: İcbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir

Milli Məclisin Səhiyyə komitəsində payız sessiyasının iş planı müzakirə olunub
Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov, ilk növbədə, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib.
Sonra komitə sədri Səhiyyə komitəsinin bu ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. O qeyd edib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə və vətəndaşlardan daxil olan müraciətlərə baxılması, müvafiq ictimai dinləmələrin keçirilməsi və digər məsələlər əks olunub.
Əhliman Əmiraslanov çıxışında səhiyyə ilə bağlı bir sıra məsələlərə də toxunub. AZƏRTAC-ın verdiyi məlumata görə, komitə sədri xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığı əsasında 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb. O, tibb işçilərinin, xüsusilə bölgələrdə çalışan mütəxəssislərin daha yüksək əməkhaqqı alacaqlarını vurğulayıb: “Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, kifayət qədər böyük rəqəmdir və hesab edirəm ki, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir”, - deyə o bildirib.
Komitə sədri həmçinin hesab edir ki, icbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir. Xüsusilə əhali arasında yüksək tələfatla nəticələnən xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması vacibdir. O bildirib ki, səhiyyə üzrə dövlət proqramlarının böyük əksəriyyəti artıq icbari tibbi sığorta çərçivəsində qarşılanır: "Səhiyyə komitəsinin daim gündəmə gətirdiyi məsələlərdən biri də ambulator müalicə alan xəstələrin dərman preparatları ilə təminatının icbari tibbi sığorta hesabına qarşılanmasıdır. Bununla bağlı “Tibbi sığorta haqqında” Qanuna bir neçə il əvvəl dəyişiklik edilib. Bu məsələ hazırda da vətəndaşları narahat edən və əhalinin gözlənti içində olduğu məsələlərdəndir",- deyə komitə sədri əlavə edib.
Müzakirələr zamanı komitənin üzvləri Günay Əfəndiyeva, İlham Məmmədov, Soltan Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Pərvanə Vəliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Xəbəri paylaş







