Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Sənəddə əhalinin sağlamlığı ilə bağlı bir sıra mühüm müddəalar da yer alıb.
Dövlət Proqramının “Qısa xülasə” bölməsində qeyd edilir ki, qida təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin, əhalinin sağlamlığının və sosial rifahının təmin edilməsinin əsas komponentlərindən biridir. Əhalinin sağlam və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması və bu sahənin beynəlxalq standartlara uyğun tənzimlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət Proqramı qlobal trendləri, Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və Tədbirlər Planını özündə ehtiva edir.
“Qlobal trendlər” bölməsində qeyd olunur ki, davamlı sosial inkişafı əhalinin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Lakin 1960-cı ildən başlayan sürətli əhali artımı, texnologiya və qloballaşma nəticəsində sürətlənən yaşam tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyatda tətbiqini çətinləşdirir. Hazırda sayı 8 milyardı ötən dünya əhalisinin qida ehtiyacını qarşılamaqla yanaşı, bu qidaların istehsalının və beynəlxalq ticarətinin davamlılığını, eləcə də məhsulların keyfiyyət və təhlükəsizliyini təmin etmək vacibdir.
Təhlükəsiz qida insan sağlamlığının və rifahının əsas şərtlərindən biridir. Hər kəsin təhlükəsiz qidaya, balanslaşdırılmış və sağlam qidalanmaya çıxış əldə etməsi fundamental insan hüququ olsa da, dünyanın bir çox ölkəsində insanlar hələ də bu hüquqdan tam şəkildə yararlana bilmirlər. Bunun nəticəsində əhali ictimai sağlamlığa və ümumi inkişaf proseslərinə ciddi təsir göstərən qida mənşəli xəstəliklərdən əziyyət çəkir. Tərkibində zərərli səviyyədə bakteriyalar, viruslar, parazitlər, kimyəvi və ya fiziki çirkləndiricilər olan qidalar 200-dən artıq xəstəliyə, hətta bəzi hallarda daimi əlilliyə və ya ölümə gətirib çıxara bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, hər il 600 milyon insan çirklənmiş qida səbəbindən xəstələnir və bunun nəticəsində dünya üzrə 420 min ölüm halı baş verir.
ÜST tərəfindən hazırlanmış “2022−2030-cu illər üçün Qida Təhlükəsizliyi üzrə Qlobal Strategiya” üzv dövlətlərə qida təhlükəsizliyi sistemlərinin davamlı şəkildə gücləndirilməsi və qlobal əməkdaşlığın təşviqi yolu ilə qida mənşəli xəstəliklərin yaratdığı yükün azaldılması istiqamətində fəaliyyəti prioritetləşdirmək, planlaşdırmaq, həyata keçirmək, monitorinq aparmaq və mütəmadi olaraq qiymətləndirmək üçün rəhbərlik və dəstək məqsədi daşıyır. Bu Strategiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verəcəyi gözlənilir.
Qida zəncirində antibiotiklərin və digər antimikrob maddələrin nəzarətsiz istifadəsi nəticəsində antimikrob rezistentlik sürətlə artır. Bu hal heyvanlarda və insanlarda müalicəyə tabe olmayan infeksiyaların yayılmasına səbəb olur. Eyni zamanda, heyvan mənşəli xəstəliklərin insanlara keçməsi səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün də ciddi təhdid yaradır. Urbanizasiya, intensiv heyvandarlıq və vəhşi heyvanlarla təmasın artması bu riskləri daha da gücləndirir.
Bu çağırışlara cavab olaraq qlobal səviyyədə “Vahid Sağlamlıq” konsepsiyası tətbiq olunur. İnsanın həyat və sağlamlığının, heyvan sağlamlığının və ətraf mühitin bir-biri ilə sıx əlaqəli olduğunu qəbul edən bu konsepsiya zoonoz xəstəliklərin qarşısının alınması, antimikrob rezistentliyə nəzarət, qida təhlükəsizliyinin təminində sektorlararası əməkdaşlığı təşviq edir.
Sürətlə dəyişən həyat tərzi, urbanizasiya və güclü qida marketinqi istehlakçıların qidalanma vərdişlərini də əhəmiyyətli dərəcədə dəyişdirir. Hazır və emal olunmuş qidalara tələbatın artması, “fast-food” istehlakının geniş yayılması, həmçinin onlayn sifariş və çatdırılma xidmətlərindən istifadənin artması bir çox hallarda həm qeyri-sağlam qidalanmaya, həm də qida məhsullarının saxlanma və daşınma mərhələlərində çirklənmə risklərinin artmasına səbəb olur. Problemlərin həlli üçün bir çox ölkələrdə sağlam və təhlükəsiz qidalanma vərdişlərini təşviq edən maarifləndirmə kampaniyaları keçirilir. Uşaq bağçalarında və məktəblərdə sağlam və təhlükəsiz qidalanma vərdişlərinin təşviqi uzunmüddətli davranış dəyişikliyinə töhfə verir.
Məhsulların saxtalaşdırılması qida məhsulunun insan sağlamlığı üçün təhlükə yaratmasına səbəb ola bilir. Qeyd olunur ki, istehlakçılar arasında sağlam və ekoloji cəhətdən təmiz qida məhsullarına maraq artır. Bu, orqanik və bitki əsaslı qida məhsullarının istehsal və istehlakının artmasına səbəb olur.
Qida təhlükəsizliyi sahəsində qlobal meyillər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına və ictimai sağlamlığa birbaşa təsir göstərəcək. Antimikrob rezistentlik, zoonoz xəstəliklər və iqlim dəyişikliyinin yaratdığı risklər fonunda “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olacaq, eyni zamanda, sağlam, ekoloji cəhətdən təmiz və bitki əsaslı qida məhsullarına artan qlobal tələbat Azərbaycan Respublikasının aqrar sektorunda dayanıqlı istehsalın, ixrac potensialının və rəqabətqabiliyyətliliyin artırılmasında xüsusi əhəmiyyət kəsb edəcək.
Proqramın “Mövcud vəziyyətin təhlili” bölməsində vurğulanır ki, ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, bu sahədə bir sıra çatışmazlıqlar da var. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019−2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası bu sahədə sistemli və səmərəli tədbirlər görülməsinə imkan vermişdir. Sanitariya, baytarlıq və fitosanitar normaların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra texniki normativ hüquqi aktlar hazırlanıb təsdiq edilmişdir. Həmin Dövlət Proqramı üzrə xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi məqsədilə “Məktəblilər üçün süd” və “Məktəblilər üçün kişmiş” pilot layihələri həyata keçirilmişdir.
2023-cü ildən etibarən trans yağ turşularına qarşı mübarizə sahəsində görülən işlərlə əlaqədar Azərbaycan Respublikası ÜST tərəfindən 2-ci təhlükəsizlik səviyyəsindən 3-cü səviyyəyə yüksəlmiş, idxal olunan və ölkədə istehsal edilən yağların tərkibində trans yağ turşularının miqdarının 2 faizə endirilməsinə nail olunmuşdur.
Beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ÜST və Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, elmi əsaslı risk təhlilinin tətbiqi və risk əsaslı dövlət nəzarəti mexanizmlərinin qurulması istiqamətində layihələr həyata keçirilmişdir. Bu istiqamətdə görüləcək tədbirlər laboratoriya fəaliyyətinin keyfiyyətini yüksəldəcək, etibarlı və operativ nəticələrin əldə olunmasına imkan verəcək, elmi-tədqiqat və diaqnostika imkanlarını gücləndirəcək, milli təhlükəsizlik, ictimai sağlamlıq və biotəhlükəsizlik sahəsində uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşdıracaq.
“Dövlət Proqramının hədəf göstəriciləri” bölməsində bildirilir ki, bu sənəd üzrə strateji baxış çərçivəsində qida zəncirinə nəzarətin gücləndirilməsi yolu ilə əhalinin sağlam və təhlükəsiz qida ilə davamlı təmin edilməsinə, istehlakçıların sağlam qidalanma vərdişlərinin artırılmasına və ictimai nəzarətin gücləndirilməsinə nail olunacaq.
“Dövlət Proqramının məqsədləri” bölməsində qeyd olunur ki, Proqramın əsas məqsədlərindən biri qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılmasıdır. Vurğulanır ki, fənn proqramlarına sağlam qidalanma ilə bağlı mövzuların daxil edilməsi məqsədəuyğundur. Ümumi təhsil pilləsi üzrə hazırlanan müvafiq dərsliklərə sağlam qidalanmaya və zoonoz xəstəliklərə dair materialların daxil edilməsi prioritetlərdən hesab olunur. Bununla da əhalinin həmin mövzularla bağlı məlumatlılıq səviyyəsi artırılacaq. Çünki qida təhlükəsizliyi insanların həyat və sağlamlığına, iqtisadi inkişafa birbaşa təsir edən strateji sahələrdən biridir. Yeni qida texnologiyalarının inkişafı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişikliyi kimi amillər qida təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsini zəruri edir. Qida mənşəli xəstəliklərin və toksinlərin insan sağlamlığına vurduğu zərər ciddi sosial və iqtisadi itkilərə səbəb olur. ÜST-nin məlumatına görə, hər il milyonlarla insan qida mənşəli infeksiyalara yoluxur, bu isə səhiyyə xərclərinin artmasına və insanların iş qabiliyyətinin azalmasına gətirib çıxarır.
Bu sahədə görüləcək tədbirlər sırasında qida obyektlərinin tikintisi üzrə preventiv qida təhlükəsizliyi nəzarəti mexanizminin yaradılması, allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin aparılması, stasionar tibb müəssisələrində müxtəlif xəstəliklər üzrə qidalanmaya dair metodiki vəsaitin hazırlanması, qida zəhərlənmələri zamanı ilk yardım göstərilməsinə dair təlimatın hazırlanması və s. yer alır.
Proqramda qeyd olunur ki, “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi zoonoz xəstəliklərin qarşısının alınması, qida təhlükəsizliyi, antimikrob rezistentliyin effektiv idarə olunması, ətraf mühitin qorunması, iqlim dəyişikliyinə uyğunlaşma və pandemiyalara hazırlıq baxımından böyük əhəmiyyət kəsb edir. Bu konsepsiya insan, heyvan və ətraf mühit sağlamlığı arasında mövcud olan qarşılıqlı əlaqəni şərtləndirir. Eyni zamanda, sektorlararası əməkdaşlığı təşviq edərək qlobal sağlamlıq təhlükəsizliyinin gücləndirilməsinə təkan verir.
Bu istiqamətdə zoonoz xəstəliklərə qarşı mübarizə tədbirlərinə dair Milli Strategiyanın hazırlanması və icrası, antimikrob rezistentliklə mübarizəyə dair tədbirlər görülməsi, “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi üzrə aidiyyəti dövlət qurumları arasında çərçivə əməkdaşlığının qurulması, operativ koordinasiya mexanizminin yaradılması və vahid kommunikasiya strategiyasının tətbiqi, zoonoz epidemiya və pandemiya riskinin azaldılması, qarşısının alınması üçün hazırlıq, erkən xəbərdarlıq və erkən aşkarlama sistemlərinin qurulması nəzərdə tutulur. Bu tədbirlər insanlar və heyvanlar arasında zoonoz xəstəliklərin yaratdığı sağlamlıq risklərini azaldacaq, bunun nəticəsində xəstələnmə və ölüm hallarının azalmasına nail olunacaq, antimikrob rezistentliyin azaldılması məqsədilə metodiki vəsaitlər hazırlanıb təsdiq ediləcək, qurumlar üçün əlçatan olan məlumat bazaları yaradılacaq və məlumatların qarşılıqlı mübadiləsi təmin ediləcək. Erkən xəbərdarlıq və erkən aşkarlama sistemlərinin tətbiqi, informasiya sistemlərinin və risk idarəetmə mexanizmlərinin effektiv istifadəsi nəticəsində zoonoz xəstəliklərin və qida təhlükəsizliyi ilə bağlı digər risklərin idarə olunması və məlumat mübadiləsi asanlaşacaq.
Dövlət Proqramında istehlakçıların sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi və ictimai nəzarətinin gücləndirilməsi barədə qeyd olunur ki, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi və sağlam qidalanmanın təşviqi cəmiyyətdə sağlam həyat tərzinin formalaşmasına, qida mənşəli və qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərin qarşısının alınmasına və ümumi həyat keyfiyyətinin yaxşılaşmasına böyük töhfə verir. Eyni zamanda, istehlakçıların sağlam qidalanma vərdişlərinin və onların ictimai nəzarətinin gücləndirilməsi birbaşa ölkə üzrə ümumi qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərir. Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi sadəcə qida məhsullarının təhlükəsiz istifadəsini təmin etməklə kifayətlənmir, həm də ümumi sağlamlıq səviyyəsini yüksəldir, xəstəliklərin qarşısını alır və cəmiyyətin həyat keyfiyyətini artırır. Sağlam qidalanmanın təşviqi və qida təhlükəsizliyi sahəsində maarifləndirmə gələcək nəslin rifahı üçün də mühüm amildir. Bu sahədə sağlam qidalanma məqsədilə xüsusi etiketlənmə yanaşmasının tətbiqinin təşviqi, diyetologiya və nutrisiologiya sahəsi üzrə çalışan mütəxəssislərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, dəyişən istehlakçı vərdişlərinin insan həyatına və sağlamlığına təsiri ilə bağlı təhlillər aparılması, qida istehlakı məlumat bazasının yaradılması, bioloji aktiv qida məhsulları barədə istehlakçıların maarifləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Nəticədə, xüsusi etiketlənmənin istehsalçılar tərəfindən tətbiqinə nail olunacaq, diyetologiya və nutrisiologiya sahəsi üzrə qeydiyyata alınaraq çalışan mütəxəssislər təkmilləşdirilmə üçün təlimlərə cəlb ediləcəklər, bioloji aktiv qida məhsullarının farmasevtik və bioloji fərqləri barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında Səhiyyə Nazirliyinin üzərinə də müəyyən vəzifələr qoyulub.
Belə ki, “Qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində elm, təhsil və kadr potensialının gücləndirilməsi” prioriteti üzrə 8.3.3 bəndi “Ümumi təhsil pilləsi üzrə hazırlanan müvafiq dərsliklərə sağlam qidalanmaya və zoonoz xəstəliklərə dair materialların daxil edilməsi” adlanır. 2027−2031-ci illəri əhatə edəcək bu bəndin əsas icraçısı Elm və Təhsil Nazirliyidir, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
“Qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi” prioriteti üzrə “Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin aparılması” bəndinin əsas icraçısı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyi digər icraçılardan biridir.
Həmin prioritetin “Stasionar tibb müəssisələrində müxtəlif xəstəliklər üzrə qidalanmaya dair metodiki vəsaitin hazırlanması” və “Qida zəhərlənmələri zamanı ilk yardım göstərilməsinə dair təlimatın hazırlanması” bəndlərinin əsas icraçısı Səhiyyə Nazirliyidir. Bu bəndlərdən birincisinin icrasında həmçinin AQTA və TƏBİB, ikincisinin icrasında isə AQTA iştirak edəcək.
Tədbirlər Planının “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqinin genişləndirilməsi prioriteti üzrə də Səhiyyə Nazirliyinin üzərinə müəyyən vəzifələr düşür. Belə ki, bu prioritetin “Antimikrob rezistentliklə mübarizəyə dair tədbirlər görülməsi” bəndinin əsas icraçısı Səhiyyə Nazirliyidir. Prioritetin “Zoonoz xəstəliklərə qarşı mübarizə tədbirlərinə dair Milli Strategiyanın hazırlanması və icrası”, ““Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi üzrə aidiyyəti dövlət orqanları (qurumları) arasında çərçivə əməkdaşlığının qurulması, operativ koordinasiya mexanizminin yaradılması və vahid kommunikasiya strategiyasının tətbiqi”, “Zoonoz epidemiya və pandemiya riskinin azaldılması, qarşısının alınması üçün hazırlıq, erkən xəbərdarlıq və erkən aşkarlama sistemlərinin qurulması” və ““Vahid Sağlamlıq” konsepsiyasının həyata keçirilməsi üçün normativ hüquqi aktların təkmilləşdirilməsi, informasiya sistemlərinin (ehtiyatlarının), habelə fövqəladə halların idarə olunmasının təşkili” bəndlərinin əsas icraçısı AQTA-dır, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
“Qida zəncirinə nəzarət sahəsində innovativ üsulların tətbiqinin genişləndirilməsi” prioritetinin “Agentliyin və digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri (ehtiyatları) arasında inteqrasiyanın genişləndirilməsi” bəndində AQTA-nın Səhiyyə Nazirliyinin informasiya sistemi ilə də inteqrasiyası nəzərdə tutulur.
Proqramın “İstehlakçıların sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi və ictimai nəzarətinin gücləndirilməsi” prioritetinin “Sağlam qidalanma məqsədilə xüsusi etiketlənmə yanaşmasının tətbiqinin təşviqi”, “Diyetologiya və nutrisiologiya sahəsi üzrə çalışan mütəxəssislərin fəaliyyətinə nəzarətin gücləndirilməsi”, “Dəyişən istehlakçı vərdişlərinin insan həyatına və sağlamlığına təsiri ilə bağlı təhlillər aparılması, qida istehlakı məlumat bazasının yaradılması” və “Bioloji aktiv qida məhsulları barədə istehlakçıların maarifləndirilməsi” bəndlərində də əsas icraçı AQTA-dır, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
Xəbəri paylaş







