Sizin Reklam Burada!

Turizmin inkişafına dair Dövlət Proqramı qəbul edildi

Turizmin inkişafına dair Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə Dövlət Proqramının qəbul olunması ilə yanaşı, Nazirlər Kabinetinə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət də Nazirlər Kabinetinə həvalə olunub.
Sərəncamda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Dövlət Turizm Agentliyinə, Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə də müvafiq tapşırıqlar verilib.
Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş Proqramın “Qlobal trendlər” bölməsində qeyd olunur ki, hazırda dünyada turizm sahəsinin böhranlara davamlılığını təmin etmək məqsədilə müxtəlif üsullardan, o cümlədən çoxdilli rəqəmsal alətlərdən, çevik marketinq və kommunikasiya kampaniyalarından, turizm fəaliyyətləri üzrə birbaşa maliyyə dəstəyi və təşviq proqramlarından, kütləvi turizmdən asılılığın azaldılması məqsədilə xüsusi qruplardan istifadə edirlər. Buraya sağlamlıq və müalicə turizmi də daxil olmaqla müxtəlif turizm növlərinin inkişaf etdirilməsi də aiddir.
Azərbaycanda ənənəvi turizm seçimləri üstünlük təşkil etsə də, yaxın perspektivdə yeni turist seqmentlərinin (yaşlı və subay insanlar, uşaqsız ailələr, sağlamlıq məqsədilə səyahət edənlər və s.) formalaşacağı və onların turizm bazarında əhəmiyyətinin artacağı proqnozlaşdırılır.
Dövlət Proqramında turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri sadalanarkən qeyd olunub ki, turizm potensialının beynəlxalq səviyyədə təbliği üçün 2018-ci ildə “Azərbaycan: Bir daha bax” marketinq kampaniyası əsasında milli turizm brendi yaradılmış, hədəf turizm bazarlarında dörd əsas istiqamət üzrə (mədəniyyət, sağlamlıq, işgüzar tədbirlər, təbiət və macəra) genişmiqyaslı təbliğat və kommunikasiya tədbirləri həyata keçirilmişdir.
Turizm potensialından səmərəli istifadə məqsədilə turizm resurslarının inventarlaşdırılması aparılmış, beynəlxalq mədəni turizm marşrutları inkişaf etdirilmiş, dağpiyada marşrutları yaradılmış, kəndlər üzrə turizm inkişaf konsepsiyaları hazırlanmışdır. Həmçinin sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması, eləcə də tibbi turizmin inkişafı məqsədilə ölkənin reytinqinin yüksəldilməsi istiqamətində işlər davam etdirilmişdir. Görülmüş işlərdən biri də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsidir.
“Dövlət Proqramının prioritet istiqamətləri” bölməsində sağlamlıq turizminin inkişaf etdirilməsi ayrıca bənd kimi şərh edilir. Bildirilir ki, sağlamlıq turizminin (tibbi və rifah) inkişafı ilə bağlı mövcud vəziyyətin araşdırılması, bu turizm növünün inkişafı ilə bağlı strategiyanın və fəaliyyət planının hazırlanması və icrası nəzərdə tutulur. Bu sırada görüləcək tədbirlər sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması və icrası, tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi, tibbi turizm xidməti göstərən müəssisələrin beynəlxalq akkreditasiya və sertifikatlaşma hazırlığının dəstəklənməsi, eləcə də sağlamlıq turizminin davamlı inkişafını dəstəkləmək məqsədilə tədbirlərin təşkil edilməsidir.
“Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda Səhiyyə Nazirliyinə aid bəndlər də var. Belə ki, Tədbirlər Planının “Tənzimləmə keyfiyyəti” bölməsinin “Turizm sahəsinin dayanıqlı keyfiyyət təminatı sisteminin qurulması” hissəsində “Mehmanxana (hotel) və digər yerləşmə vasitələri üçün normativ hüquqi aktlarla sanitariya və gigiyena ilə bağlı tələblərin müəyyən edilməsi” bəndinin əsas icraçı orqanı Səhiyyə Nazirliyidir. Bu bəndin digər icraçıları kimi Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi qeyd olunub. Bəndin nəticə indikatoru olaraq mehmanxana (hotel) və digər yerləşmə vasitələrinin fəaliyyəti üçün sanitariya və gigiyena ilə bağlı tələblərin müəyyən edilməsi və tətbiqi ilə əlaqədar tələb olunan normativ hüquqi akt layihələrinin hazırlanması, razılaşdırılması və təsdiqi üçün aidiyyəti üzrə təqdim olunması, son nəticədə, təsdiq edilməsi göstərilib.
Tədbirlər Planının “Regionlarda turizmin inkişafı və icmalar” bölməsinin “Xüsusi rejimli ərazilərdə turizmin inkişaf etdirilməsi” hissəsinin “Naftalan şəhərində turizmin inkişaf etdirilməsi” bəndində Səhiyyə Nazirliyi digər icraçılardan biridir.
Planın “Turizm məhsulları və təcrübələri” bölməsinin ayrıca bir hissəsi “Sağlamlıq turizminin inkişaf etdirilməsi” adlanır. Bu hissənin “Sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması və icrası” və “Tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi” bəndlərinin əsas icraçı orqanı Səhiyyə Nazirliyi, digər icraçıları Dövlət Turizm Agentliyi və TƏBİB-dir.
Həmin hissənin “Tibbi turizm xidməti göstərən müəssisələrin beynəlxalq akkreditasiya və sertifikatlaşma hazırlığının dəstəklənməsi” bəndi əsas icraçı orqan olaraq Səhiyyə Nazirliyinə və TƏBİB-ə, digər icraçı kimi Dövlət Turizm Agentliyinə həvalə olunub.
“Sağlamlıq turizminin davamlı inkişafını dəstəkləmək məqsədilə tədbirlərin təşkil edilməsi” bəndinin isə əsas icraçısı Dövlət Turizm Agentliyidir. Səhiyyə Nazirliyi və TƏBİB bu bəndin digər icraçıları kimi müəyyən edilib. Bu bəndin hədəfi olaraq sağlamlıq turizmi mövzusunda konfransın konsepsiyasının və təşkilati planının hazırlanması, illik əsasda Sağlamlıq Turizmi Konfranslarının keçirilməsi, 2027–2030-cu illərdə 4 belə konfransın təşkili planlaşdırılır.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova