Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişikliklər etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarını imzalayıb.
“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 may tarixli 62 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Qərara əsasən, “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib.
Qərarda Səhiyyə Nazirliyinə tapşırılır ki, yeni redaksiyada verilən Qaydanın 1.2.3-cü yarımbəndində və 4.4-cü, 4.18-ci, 4.26-cı bəndlərində nəzərdə tutulan normativ hüquqi aktları doqquz ay müddətində təsdiq etsin və onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat versin, həmçinin bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Yeni redaksiyada “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xəbəri paylaş








