Milli Məclis səhiyyə qanunvericiliyinə dəyişikliklər etdi

Milli Məclisin növbədənkənar sessiyasının son iclaslarında səhiyyə ilə bağlı bəzi məsələlərə baxılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbədənkənar sessiyanın növbəti iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri qanun layihəsinin birinci oxunuşda geniş müzakirə olunaraq, yekdilliklə qəbul edildiyini söyləyib. O, müzakirələr zamanı deputatlar tərəfindən bəzi təkliflərin verildiyini və onların nəzərdən keçirildiyini deyib, səsləndirilən fikirlərə münasibət bildirib və sənədin dəstəklənməsini xahiş edib.
Sənəddə psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən Qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur. Habelə psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı Qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif olunur.
Bununla yanaşı, layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, həmin şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, onun qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmasına dair müvafiq müddəaların əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliklər Milli Məclisdə müzakirədə olan müvafiq qanun layihələrində nəzərdə tutulan normalara və təkmilləşdirmələrə uyğun hazırlanıb. Məruzəçi layihədə inzibati xəta törətmiş psixi problemi olan şəxsə psixiatriya müayinəsi və yardımı ilə bağlı, həmçinin digər sahələrdə inzibati məsuliyyət normalarının dəqiqləşdirilməsi ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb.
Layihə barədə deputat Nizami Səfərovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O bildirib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb. Qeyd olunub ki, qanunvericiliyə icbari tibbi sığorta fondu anlayışı əlavə edilir, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların vahid informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən olunur. Dəyişikliklərə əsasən, xəstələrin ambulator müalicəsi üçün icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələri apteklər tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq. Həmçinin icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması nəzərdə tutulur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Növbədənkənar sessiyanın növbəti iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri qanun layihəsinin ikinci oxunuşundan sonra sənədin mətni ilə bağlı komitəyə rəy və təklifin daxil olmadığını diqqətə çatdırıb və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri qanun layihəsi ilə bağlı əlavə rəy və təklifin daxil olmadığını deyib və onun dəstəklənməsini xahiş edib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. Deputat Vüqar Bayramov məsələ ilə bağlı bəzi fikir və təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi və “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ayrı-ayrılıqda təqdim olunub, müzakirə edilib və səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Xəbəri paylaş







