Dövlət başçısı səhiyyə nazirinə yeni müavin təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Sənədə əsasən, Əsasnamənin 13-cü bəndinin birinci abzasında “üç” sözü “dörd” sözü ilə əvəz edilib.
Beləliklə, səhiyyə nazirinin müavinlərinin sayı artırılaraq dörd olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.
Məlumatda bildirilir ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsi ilə məşğul olub. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.
Qeyd olunur ki, Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsi sahəsində çalışıb, Azərbaycanda aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.
Xəbəri paylaş








