Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərə səfər edib, Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına baş çəkiblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olublar. Onlara universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumat verilib.
Sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub. Eyni zamanda, qonaqlara tələbə yataqxanası da göstərilib.
Rəsmi proqram çərçivəsində səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. İnteraktiv formatda keçən görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nazirlər dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.
Görüş zamanı Qarabağ Universitetinin regionda yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Xəbəri paylaş






