“Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı olub

Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “ Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmin olunmasına xidmət edən bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Səhiyyə sistemlərində tibbi məlumatların elektron formatda sürətli və təhlükəsiz şəkildə mübadiləsi üçün istifadə edilən qlobal FHIR (Fast Healthcare Interoperability Resources) standartı əsasında qurulmuş bu həlli tətbiq etməklə Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.
“Vətəndaş sağlamlığına rəqəmsal qayğı” adlanan tədbirdə dövlət qurumlarını, səhiyyə müəssisələrini, beynəlxalq tərəfdaşları, tibb ictimaiyyətini və medianı təmsil edən nümayəndələr iştirak ediblər.
Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb: “Ölkə başçısının Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür”.
Teymur Musayev vurğulayıb ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını və emalını təmin edən mərkəzləşdirilmiş platformadır. Yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək. Nazir deyib ki, məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa, eləcə də böhranların idarə olunmasına imkan verəcək. “Rəqəmsal Hökumət informasiya mühitində məlumatların bütövlüyünün təmin edilməsi məqsədilə tibbi məlumatların digər dövlət informasiya sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək”,- deyə Teymur Musayev bildirib.
Nazir qeyd edib ki, rəqəmsal savadlılığın artırılması məqsədilə növbəti tədris ilindən başlayaraq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, ADA Universiteti və MEGASEC şirkətinin birgə təşkilatçılığı ilə “Tibdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkili nəzərdə tutulur. Teymur Musayev vurğulayıb ki, ilboyu davam edəcək təlim proqramları bütün tibb ixtisasları üzrə mütəxəssisləri əhatə edəcək və səhiyyə sisteminin rəqəmsal transformasiyasına dəstək verəcək.
Tədbirdə “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Butler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib. O, ölkəmizin səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib.
ÜST-nin nümayəndəsi vurğulayıb ki, Azərbaycanın rəqəmsal səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər təsadüfən baş verməyib: “Bu, Azərbaycan Hökumətinin səhiyyə xidmətini hər bir vətəndaş üçün daha yaxşı vəziyyətə gətirmək yönündəki məqsədyönlü və davamlı siyasi sadiqliyini əks etdirir”.
Robb Butler qeyd edib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” müasir səhiyyənin əsas problemlərini həll etməyi hədəfləyir: “Sistem şəxsi sağlamlıq məlumatlarını, həkim müayinələrini vahid platformada birləşdirərək pasiyentin ehtiyaclarına qarşı daha məlumatlı və operativ cavab verən səhiyyə sistemi yaradacaq”, - deyə Robb Butler diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan ev sahibliyi etdiyi COP29-da sağlamlığı iqlim gündəliyinin mühüm ölçüsü kimi ön plana çıxarıb: “COP29-da Azərbaycan ölkələrin sağlamlıq, ətraf mühit və inkişaf arasında necə körpü qura biləcəyini nümayiş etdirib. Sağlamlığı iqlim fəaliyyətinin mərkəzinə yerləşdirib və sektorlar, eləcə də sərhədlər arasında dialoqu təşviq edib.
ÜST-nin nümayəndəsi kimi, Azərbaycanın burada nümayiş etdirdiyi liderliyə görə minnətdaram. Bakıdakı COP29 çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən bütün innovasiyalara görə də təşəkkürümü bildirirəm. Qazanılmış bu təcrübələrin böyük bir hissəsi indi türk həmkarlarımız və dostlarımız tərəfindən mənimsənilir və daha da inkişaf etdirilir. Bu səbəbdən ÜST Azərbaycanla münasibətlərinə böyük dəyər verir. Əməkdaşlığımız çox konkret nəticələr yaradır”, - deyə Robb Butler bildirib.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov “Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi” mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Müşavir qeyd edib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrinninq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir.
Son 4 ildə sahəvi tələblər nəzərə alınaraq, səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursunun formalaşdırıldığımı deyən Rüfət Hacıəlibəyov onların arasından bir neçəsinin ölkəmiqyaslı mühüm rəqəmsallaşma layihələri kimi uğurla tamamlandığını və istifadəyə verildiyini xatırladıb. O bildirib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” 2007-ci ildə yaranan Elektron Sağlamlıq Kartı Sistemi əsasında formalaşıb.
“Elektron Sağlamlıq Kartı Sistemində formalaşan sağlamlıq məlumatları o dövrün tələblərinə uyğun olaraq çiplə təchiz edilmiş fiziki daşıyıcılarda vətəndaşlara təqdim edilirdi. İlk sağlamlıq kartı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən yenidoğulmuş uşağın valideyninə təqdim edilmişdi. Bu gün biz həmin təşəbbüsü ən qabaqcıl rəqəmsal imkanları nəzərə alaraq müasir səhiyyə platformasına çevirmişik”,- deyə səhiyyə nazirinin müşaviri vurğulayıb.
Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək, layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin “Hökumət buludu”na miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb, sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb.
Təqdimatın sonunda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tədbir iştirakçıları üçün monitorlar vasitəsilə “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin xəstələrin sağlamlıq göstəricilərinin rəqəmsal mühitdə modelləşdirilməsi, məlumatların operativ təhlili və tibbi qərarların dəstəklənməsindəki rolunu nümayiş etdiriblər.
Xəbəri paylaş







