Türk dünyasının aparıcı kardioloq və süni intellekt mütəxəssisləri Bakıda bir araya gəliblər

Səhiyyə Nazirliyinin dəstəyi, Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Türk Dövlətlərinin Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti keçirilib.
ETKİ-dən verilən məlumata görə, Türk dünyasında tibb elmi, innovativ texnologiyalar və beynəlxalq səhiyyə əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyan tədbir kardio-onkologiya, süni intellekt, robotik kardiologiya və rəqəmsal səhiyyə sahələrini ilk dəfə vahid beynəlxalq platformada bir araya gətirib. Konqresdə və sammitdə dünyanın 11 ölkəsindən aparıcı alimlər, beynəlxalq ekspertlər, akademik dairələrin nümayəndələri, səhiyyə sahəsinin rəhbər şəxsləri, tanınmış kardioloqlar, kardioonkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimində Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova bildirib ki, Türk Dövlətləri Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti yalnız elmi tədbir deyil, həm də Türk dünyasının ortaq tibbi gələcəyinə yönəlmiş strateji əməkdaşlıq platformasıdır. O qeyd edib ki, müasir dövrdə səhiyyənin inkişafı innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı tibbi həllərin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi ilə sıx bağlıdır. Professor Gülnaz Dadaşova vurğulayıb ki, Azərbaycan bu gün regionda tibb elmi və rəqəmsal səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməkdədir və keçirilən konqres bu istiqamətdə əhəmiyyətli addımdır.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev çıxışında bildirib ki, müasir dövrdə səhiyyə sisteminin dayanıqlı inkişafı innovativ texnologiyaların tətbiqi, elmi əməkdaşlığın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, süni intellekt, rəqəmsal səhiyyə və robotik texnologiyalar artıq gələcəyin deyil, bu günün reallığıdır və bu istiqamətdə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün çıxışı zamanı türk dövlətləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın strateji əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasında elm, səhiyyə və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq tədbirin fəxri qonaqları sırasında həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri, Türkmənistanın, Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin səfirləri və diplomatik nümayəndələri, dövlət qurumlarının rəhbərləri, aparıcı klinika və tibb müəssisələrinin təmsilçiləri, həmçinin beynəlxalq elmi təşkilatların nümayəndələri yer alıblar.
Konqres çərçivəsində keçirilən elmi proqram beynəlxalq səviyyəli akademik məzmunu ilə diqqət çəkib. Xüsusi sessiyalarda süni intellekt əsaslı diaqnostik sistemlər, robotik müdaxilə texnologiyaları, rəqəmsal klinik idarəetmə və ağıllı xəstəxana modelləri təqdim olunub.
Tədbir çərçivəsində süni intellektin tibdə tətbiqi, robotik müdaxilə sistemləri, “dəqiq tibb” (precision medicine) təşəbbüsü, rəqəmsal səhiyyə həlləri və gələcəyin tibbi texnologiyaları ilə bağlı aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Türk Dövlətləri Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 50 DTT balı ilə akkreditasiya olunub.
Türk dünyasında ilk dəfə bu miqyasda keçirilən beynəlxalq konqres və sammit region ölkələri arasında tibbi əməkdaşlığın genişlənməsinə, innovativ texnologiyaların səhiyyəyə inteqrasiyasına, elmi bilik mübadiləsinin gücləndirilməsinə və gələcəyin tibbi modelinin formalaşdırılmasına mühüm töhfə verən beynəlxalq platforma kimi qiymətləndirilir.

Xəbəri paylaş






