Səhiyyə naziri “Yüksəliş” müsabiqəsi qalibinin ideya və təşəbbüsləri ilə tanış olub

Səhiyyə sektorunda insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində səhiyyə naziri Teymur Musayev V “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Hüseynzadə ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı səhiyyə sistemində həyata keçirilən yeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiya və kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir “Yüksəliş” müsabiqəsi kimi layihələrin əhəmiyyətini vurğulayıb, onun iştirakçısı olan gənc mütəxəssislərin peşəkar yüksəlişinə verilən dəstəyin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi istedadlı və perspektivli gənclərin üzə çıxarılmasında mühüm rol oynayır, həmçinin onların dövlət idarəçiliyində aktiv rol oynamasına şərait yaradır. O, səhiyyə sahəsində aparılan yeniliklərin uğurla tətbiqində təşəbbüskar və peşəkar kadrların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş çərçivəsində idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və innovativ həllərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb. Səhiyyə naziri müsabiqə qalibinin irəli sürdüyü ideya və təşəbbüsləri diqqətlə dinləyib, ona gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.
Xəbəri paylaş








