Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb

Milli Oftalmologiya Mərkəzinin 80 illik yubileyi qeyd edilib
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev, Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, yerli mütəxəssislər, həmçinin Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən gələn tanınmış oftalmoloqlar iştirak ediblər.


Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu gün biz Azərbaycan oftalmologiyasının inkişaf tarixinin mühüm bir mərhələsini, elmi nailiyyətlərin, peşəkarlığın və insanlığa xidmətin parlaq nümunəsini qeyd edirik”. Nazirin sözlərinə görə, akademik Zərifə Əliyevanın 12 monoqrafiyada, 160-dan çox elmi işdə, 1 ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapan çoxistiqamətli elmi yaradıcılığının əsas mahiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşma bacarığının olmasından ibarətdir. Məhz buna görə alimin elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib.
Teymur Musayev həmçinin qeyd edib ki, hazırda Azərbaycan səhiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hər sahədə inkişaf edir: “Bu tərəqqi yolunda ən qabaqcıl mövqe tutan elmi-tibbi müəssisələrdən biri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir. Bu gün biz yalnız bir elmi mərkəzin yubileyini qeyd etmirik – biz milli səhiyyəmizin inkişaf tarixində xüsusi yeri olan bir elm və təcrübə ocağının şərəfli yoluna nəzər salırıq”.
Nazir vurğulayıb ki, keçmişin zəngin elmi irsi və qazanılmış təcrübə mərkəzin müasir inkişaf mərhələsinə zəmin yaradıb. Tarixi nailiyyətlər üzərində formalaşan möhkəm təməlləri olan mərkəz müasir dövrdə yeni inkişaf mərhələsinə keçib. Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti sübut edir ki, müasir səhiyyə yalnız texnologiya və biliklə deyil, həm də insanlara yaxın olmaq, onların ehtiyaclarını hiss etmək və vaxtında dəstək göstərmək bacarığı ilə ölçülür. Zərifə xanım Əliyevanın adını daşıyan bu müqəddəs ocaq, əslində, təkcə bir tibb müəssisəsi deyil, bir missiyadır. Bu missiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təmin olunmasına xidmət etməkdir".
Sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən Mərkəzin direktoru, professor Elmar Qasımov qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi əsərləri müasir həkimlərin masaüstü kitabı kimi istifadə olunur və bir çox xarici dillərə tərcümə edilib.
Mərkəzin fəaliyyətindən bəhs edən Elmar Qasımov 23 şöbədən ibarət tibb ocağında dövlət tərəfindən lazım olan bütün tədbirlərin görüldüyünü və hər il avadanlığın yeniləndiyini deyib: “Mərkəzdə peşəkar və yüksəkpotensiallı tibb heyəti var. Milli Oftalmologiya Mərkəzinin Gəncə, Şəki və Masallı filialları fəaliyyətdədir. Artıq xəstələr Bakıya gəlmədən yaşadıqları yerlərdə müalicə ala bilirlər. Orada çalışan tibb heyəti məhz Mərkəzin təcrübəsindən keçib. Milli Oftalmologiya Mərkəzinin nəzdində iki səyyar klinika var: avtomobil və dəmiryolu səyyar klinikası. Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, bizim dəmiryolu səyyar klinikası Vətən müharibəsi zamanı bir ay ərzində cəbhə xəttində dayanıb və bütün xəstələrə lazımi müalicəni göstərib. Milli Oftalmologiya Mərkəzi həm tibb, həm elm, həm də təhsil ocağıdır”.
Elmar Qasımov qeyd edib ki, bugünkü tədbir oftalmologiya sahəsində yeni elmi yanaşmaların formalaşmasına və innovativ müalicə metodlarının tətbiqinə töhfə verir: “Bu cür beynəlxalq əməkdaşlıq həm klinik təcrübənin zənginləşdirilməsi, həm də yeni texnologiyaların ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında bildirib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin beynəlxalq nüfuzunun artmasına böyük töhfə verib və bu irs gələcək nəsillər üçün mühüm elmi məktəb rolunu oynayır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında səhiyyə sahəsində aparılan islahatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri professor Öner Gelişken akademik Zərifə Əliyevanın elmi məhsuldarlığını, bununla yanaşı, insanyönümlü yanaşmasının, etik dəyərlərin bu gün də həkimlər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Konfrans çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının rəsmi açılışı da olub.
Beynəlxalq konfransda oftalmologiyanın aktual məsələləri geniş şəkildə müzakirə edilib. Yerli və xarici mütəxəssislər oftalmologiya sahəsində qlobal yeniliklər barədə fikirlərini, müasir tibbi texnologiyalar, diaqnostika və müalicə üsulları üzrə təcrübələrini bölüşüblər.


Tədbir çərçivəsində Milli Göz Bankının Azərbaycanda keratoplastika xidmətlərinin inkişafındakı rolu, donor mərhələsindən buynuz qişanın transplantasiyasına qədər olan proses, donorolma motivasiyası, həmçinin müxtəlif keratoplastika üsulları və onların uzunmüddətli nəticələri diqqət mərkəzində olub. Eyni zamanda, dərin ön lamellyar keratoplastikadan sonra göz yaşı təbəqəsində iltihabi və antiiltihabi sitokinlərin qiymətləndirilməsi, eləcə də endotelial keratoplastika zamanı optimal nəticələrin biomarkerləri kimi elmi mövzular da təqdim edilib.
Konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəri biliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şərait yaradıb. Aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.
Xəbəri paylaş







