“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, parlamentin yaz sessiyasının aprel ayında keçirilmiş ilk plenar iclasında birinci oxunuşda təqdim olunan qanun layihələri arasında Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Bu məqsədlə Əmək Məcəlləsinin 4 maddəsinə 6 dəyişiklik təklif olunub. Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinə 5-2 və 5-3 yarımbəndləri əlavə edilir. Yeni müddəalarda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.
Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olduğu müəyyən edilən şəxslə əmək müqaviləsinin bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.
"Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinə də uyğunlaşma xarakterli "işçinin davranışında narkotik maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda dərhal, işəgötürənin vəsaiti hesabına narkoloji müayinədən keçməsi" müddəası əlavə olunub.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib.
Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Milli Məclisin növbəti plenar iclaslarında qanun layihəsi ikinci və üçüncü oxunuşlarda da müzakirəyə çıxarılıb və səsvermə yolu ilə qəbul edilib.
Xəbəri paylaş







