Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkili müzakirə olunub

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” işçi qrupunun növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, işçi qrup Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı olaraq, Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə yaradılıb.
İşçi qrupun səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlərin və qiymətləndirmənin cari vəziyyəti müzakirə olunub.
Bununla bağlı, iclasda Səhiyyə Nazirliyi tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib.
İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində məskunlaşmaya uyğun olaraq, əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub.
Aparılan monitorinqlərin nəticəsinə əsaslanaraq, işğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmin olunması, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.
Səhiyyə naziri Teymur Musayev çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramının səhiyyə komponenti prioritet sahələrdən biridir və əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi yardımın fasiləsiz təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşçi qrupu bu sahədə koordinasiyanı gücləndirmək və effektiv həll yolları tapmaq məqsədilə müntəzəm olaraq fəaliyyət göstərir.
Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
Xəbəri paylaş







