Milli Məclisin plenar iclaslarında səhiyyə məsələlərinə toxunulub

Milli Məclisin plenar iclaslarında səhiyyə məsələlərinə toxunulub

Mart ayında Milli Məclisin yaz sessiyasında növbəti plenar iclaslar keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib.
Məruzəni təqdim edən İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva çıxışında digər məsələlərlə yanası, sağlamlıq hüququ barədə məqamlara da toxunub. O bildirib ki, 2025-ci ildə əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə mühüm işlər görülüb. Ombudsman bu məqsədlə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinin, ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qeyd edib. O, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə və onkoloji xəstələrə tibbi yardımın göstərilməsi, onların lazımi dərman preparatları ilə təmin edilməsi sahəsində görülən işlərdən söhbət açıb, təkliflər verib.
Səbinə Əliyeva həmçinin əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunmasının, qiymətləndirmə prosedurlarının sadələşdirilməsinin vacibliyindən danışıb.
Qeyd olunub ki, müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılmasına, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasına, bu sahədə maarifləndirici materialların hazırlanmasına və hədəf qrupları üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinə diqqət artırılmalıdır.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək ombudsmanın illik məruzəsinin rəhbərlik etdiyi komitədə geniş müzakirə olunduğunu söyləyib. Komitə sədri hesabatda məhkəmə qərarlarının icrası ilə bağlı, narkomaniyaya qarşı mübarizədə daxili işlər orqanlarının peşəkar fəaliyyətinə dair, həmçinin sağlamlıq hüququnun, mənzil hüququnun təminatı və digər bu kimi məsələlərə geniş yer verildiyini diqqətə çatdırıb, bir sıra təkliflərini səsləndirib.
Ombudsmanın illik məruzəsi ətrafında müzakirələrin yekununda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.
Spiker Sahibə Qafarova çıxışında vurğulayıb ki, 2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilib. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunub, sosial müdafiə tədbirləri genişləndirilib, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılıb.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib. Baş nazir digər sahələrlə yanaşı, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində də görülmüş işlərə toxunub. O, təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərdən danışıb. Hökumətin hesabatında səhiyyə sahəsində əldə edilən uğurlar öz əksini tapıb. Bildirilib ki, əhalinin sağlamlığının daha etibarlı və keyfiyyətli qorunması istiqamətində yeni meyarlar hazırlanıb, bir sıra proqramlar icra olunub, icbari tibbi sığorta sisteminin tətbiqi müvəffəqiyyətlə davam etdirilib.
Plenar iclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələrdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.
Parlamentin növbəti plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərin bir istiqaməti uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlıdır. Bu yaxınlarda qəbul olunmuş "Uşaq hüquqları haqqında" Qanunun tələblərindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə 3 yeni maddənin əlavə edilməsi təklif olunur.
Belə ki, təhsil, tibb, mədəniyyət, sosial xidmət, penitensiar müəssisələrinin işçiləri və ya valideynlər tərəfindən uşaqda zorakılıq əlamətləri aşkar edildikdə bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməməsinə görə həm fiziki şəxslər, həm vəzifəli şəxslər üçün cərimələr müəyyən edilir. Eyni zamanda, müvafiq müəssisələrdə uşaqlar arasında davamlı təzyiqin və aqressiv davranışın qarşısının alınmamasına görə də cərimələr nəzərdə tutulur. Valideynlər və müvafiq işçilər tərəfindən tərbiyə məqsədilə uşağa qarşı cismani cəzanın, yəni fiziki və psixoloji zorakılığın tətbiq edilməsinə görə də cərimə müəyyən edilir.
Müzakirədən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova