Milli Məclis səhiyyə ilə bağlı bəzi qanunlara dəyişikliklər etdi

Milli Məclisin 2026-cı ilin yaz sessiyasının ilk plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri diqqətə çatdırıb ki, hazırda müvafiq qanunvericiliyə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Təklif edilən dəyişikliklərdə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur.
Müzakirələr zamanı parlamentin komitə sədri Hicran Hüseynova, deputatlar Razi Nurullayev, Elçin Mirzəbəyli məsələ ilə bağlı bəzi qeyd və təkliflərini bildiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirib, sualları cavablandırıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. Qeyd olunub ki, elmi araşdırmalar nəticəsində asbestin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığının aşkar edildiyi nəzərə alınaraq, layihədə asbest və tərkibində asbest olan materialların mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Həmin iclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdimatı ilə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclasında həmin qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda da qəbul olunub.
Həmçinin “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verib, layihənin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini nəzərə çatdırıb. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalandığını söyləyib.
Nizami Səfərov Azərbaycan Respublikasının bu Konvensiyaya xüsusi bəyanatla qoşulduğunu qeyd edib. Bəyanatda deyilir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Bildirilib ki, 33 maddədən ibarət olan Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi, tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, habelə qanunsuz götürülmüş orqanların saxlanması, daşınması, ötürülməsi, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Konvensiyada cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilir. Sənəddə həmçinin zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi ilə bağlı müddəalar əks olunur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələnin siyasi əhəmiyyətindən danışıb, Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu, milli maraqlarımıza uyğun olan konvensiyaları qəbul etdiyini bildirib. O, rəhbərlik etdiyi komitənin sənəd barədə müsbət rəy verdiyinin diqqətə çatdırıb.
Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov və Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyulub və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul edilib.
Parlamentin növbəti plenar iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihədə İcbari Tibbi Sığortada müştərək maliyyələşmənin tətbiqinin daha bir il təxirə salınması təklif olunub. Qüvvədə olan qanunvericiliyə əsasən, maliyyələşmə məbləği 2026-cı il yanvarın birindən ödənilməyə başlanmalı idi. Qanunda nəzərdə tutulan dəyişiklikdə bu tarixin 1 yanvar 2027-ci ilə qədər uzadılması nəzərdə tutulur.
Deputat Müşfiq Məmmədlinin məsələ haqqında fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Xəbəri paylaş







