Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına həvalə olunub.
Sərəncamla təsdiq edilmiş sənəddə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə də aid bəndlər var. Belə ki, mövcud vəziyyətin təhlili zamanı qeyd olunub ki, indiyədək təhsil, məşğulluq, nəqliyyat, sağlamlıq, əmlak, sosial təminat və digər sahələr üzrə 380-dən çox xidmət tam rəqəmsallaşdırılıb və yaxın müddətdə 80 yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.
Fəaliyyət Planının prioritet istiqamətləri arasında “Rəqəmsallaşma sahəsinin inkişafı və təkmilləşdirilməsi” prioriteti üzrə dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların, eləcə də Əhalinin Dövlət Reyestri, məhkəmə işləri, ünvan reyestri, daşınmaz əmlakın dövlət reyestri, vətəndaşlıq vəziyyəti aktları, elm və təhsil, əhalinin sağlamlığının qorunması və səhiyyə, sosial güzəşt və imtiyazlar, nəqliyyat vasitələri və onların xüsusiyyətləri, kommersiya qurumları və digər sahibkarlıq subyektləri üzrə məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi nəzərdə tutulur.
Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının “Rəqəmsallaşma sahəsinin inkişafı və təkmilləşdirilməsi” bölməsi üzrə “Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi” bəndinin əsas icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir. Bu bəndin “Əhalinin sağlamlığının qorunması və səhiyyə üzrə məlumatlar” yarımbəndinin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Bu yarımbəndin digər icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Xəbəri paylaş







