Özəl tibb müəssisələrində onkoloji yardım göstərilməsi məsələsi müzakirə olunub

Özəl tibb müəssisələrində onkoloji yardım göstərilməsi məsələsi müzakirə olunub

Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.
Məlumat verilib ki, 2025-ci ilin payız sessiyası ərzində komitənin 15 iclası keçirilib, ümumilikdə 20 məsələ müzakirə olunub.
Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri müzakirə olunacaq və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
Məsələlərlə bağlı müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Günay Əfəndiyeva çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Günay Əfəndiyeva I Türkoloji Qurultayın 100 illiyi çərçivəsində tibb sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə müzakirəsini təklif edib. Onun sözlərinə görə, Türkoloji Qurultay təkcə mədəniyyət, dil və tarix məsələləri ilə məhdudlaşmır, eyni zamanda, Türk dünyasında sosial siyasət, əhalinin rifahı və insan kapitalının inkişafına təsir göstərən çağırışların müzakirə olunduğu nüfuzlu elmi-ictimai platformadır. 100 il əvvəl Qurultayın təşkili prosesində tibb və səhiyyə mütəxəssislərinin fəal iştirakına diqqəti çəkən Günay Əfəndiyeva deyib: “Bu il bu tarixi yubiley çərçivəsində Milli Məclisin Səhiyyə komitəsi, TÜRKPA, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə əməkdaşlığı ilə genişmiqyaslı ictimai dinləmə və ya tədbir təşkil oluna bilər”.
Deputat son bir əsrdə tibb sahəsində əldə olunan nailiyyətlərə kompleks baxış üçün türk ölkələrinin müvafiq strukturlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlərin gerçəkləşdirilə biləcəyini diqqətə çatdırıb.
İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. O bildirib ki, qanun layihələrinə edilən dəyişikliklər onkoloji yardımın göstərilməsi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, bu xidmətlərin “Lisensiyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsini nəzərdə tutur. Dəyişikliklər onkoloji xəstələrin həkim və tibb müəssisəsi seçmək hüququnun genişləndirilməsinə və tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
AZƏRTAC-ın xəbər verdiyinə görə, iclasda qeyd olunub ki, hazırda “Onkoloji yardım haqqında” Qanunun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi isə pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Beləliklə, iki qanun arasında uyğunsuzluq var. Ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək, müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələrinin mövcudluğu da nəzərə alınaraq, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu isə vətəndaşların öz iradəsinə əsasən, istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən, müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
Müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov və üzvü Pərvanə Vəliyeva çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.
İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova