Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı qəbul edildi

Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı qəbul edildi

Tədbirlər Planında Səhiyyə Nazirliyinə də tapşırıqlar verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, qəbul olunan Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
Sənəddə bildirilir ki, dayanıqlı inkişafın hərəkətverici qüvvəsi kimi qadınların və kişilərin ölkənin sosial-iqtisadi inkişafına bərabər şəkildə töhfə vermək imkanlarının genişləndirilməsi onların hüquq və azadlıqlarının reallaşması üçün əlverişli şərait yaradılmasını şərtləndirir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan qısa müddət sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan vermişdir.
Qeyd olunur ki, dünyada bu istiqamətdə müsbət dəyişikliklərlə yanaşı, ailədə və ictimai həyatda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə səbəb olan bir sıra amillər, xüsusilə mənfi stereotiplər, gender əsaslı zorakılıq, erkən evlilik halları, təhsil, əmək, reproduktiv sağlamlıq kimi hüquqların reallaşdırılması ilə bağlı problemlər hələ də əksər dünya ölkələrində ciddi problem olaraq qalmaqdadır.
Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə mənfi təsir göstərən amillərin (adət-ənənələr, stereotiplər və s.) və həmin amillərdən qaynaqlanan neqativ halların (uşaq doğulanadək cins seçimi (selektiv abortlar), gender əsaslı zorakılıq, erkən evlilik, təhsildən yayınma, iqtisadi asılılıq) aradan qaldırılması ilə bağlı fəaliyyətin və normativ hüquqi aktların təkmilləşdirilməsi davam etdirilir.
Görülən işlərlə yanaşı, ölkədə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə gender bərabərliyinin təmin olunması ilə bağlı növbəti mərhələdə də normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinə, qadınların ictimai, sosial və iqtisadi fəallığının artırılması üzrə tədbirlərin gücləndirilməsinə, cəmiyyətdə gender bərabərliyi mədəniyyətinin formalaşdırılmasına, müvafiq sahədə təhlil, monitorinq və tədqiqatlar aparılmasına ehtiyac vardır.
Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunacaq hədəf göstəriciləri arasında sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi də yer alır. Bu məsələ həm də Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin prioritet istiqamətlərindən biridir.
Digər prioritet istiqamət olan iqlim dəyişiklikləri ilə mübarizə sahəsində gender bərabərliyinin nəzərə alınması iqlim dəyişikliklərinin sağlamlıq və təhlükəsizlik baxımından cinslərə fərqli və qeyri-mütənasib təsirləri olduğuna görə bu mübarizədə gender aspektlərinə diqqət yetirilməsinin zəruriliyini vurğulayır.
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında Səhiyyə Nazirliyinə də müəyyən tapşırıqlar verilib.
Belə ki, Planın “Gender bərabərliyinin təmin olunması sahəsində hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi” istiqamətinin iki bəndində – “Dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət, ictimai əsaslarla fəaliyyət göstərən mərkəzi və yerli səviyyəli Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qruplarının yaradılması” və “Gender məsələləri üzrə ictimai əsaslarla fəaliyyət göstərən məsul şəxslərin işinin təkmilləşdirilməsi üçün tədbirlər görülməsi” bəndlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əsas icraçı, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
Tədbirlər Planının “Sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi” istiqaməti üzrə “Sosial cəhətdən həssas qrupdan olan qadınlar arasında ilkin tibbi-sanitariya yardımına, o cümlədən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinə çıxış barədə maarifləndirmə işinin aparılması” və “Sosial cəhətdən həssas qruplardan olan qadınların psixoloji yardıma əlçatanlığının təmin edilməsi” bəndlərinin əsas icraçısı olaraq Səhiyyə Nazirliyi müəyyən edilib. Bu bəndlərin digər icraçılardan biri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidir.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova