“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.
AZƏRTAC bildirir ki, Konfederasiyanın, digər dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları AHİK-in Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sağlamlıq mərkəzində görülmüş işlərlə, yenilənmiş infrastrukturla tanış olublar.
Səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi baxış zamanı məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzində şərait yaxşılaşdırılıb, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib. Burada müalicə kompleksi, diaqnostika mərkəzi yaradılıb. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.
Sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun yaxşılaşdırılıb. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.
Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.
Xəbəri paylaş








