Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi qeyd olunub

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi qeyd olunub

Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin açılış mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.
Konqresin əsas məqsədi tibb elmində yeni elmi-praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə vermək olub.
Tədbirin rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin rəhbər şəxsləri, eləcə də yerli və xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri, nüfuzlu alimlər və səhiyyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, institutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr veriblər.
AZƏRTAC xəbər verir ki, Səhiyyə komitəsinin sədri Həkimləri Təkmilləşdirmə İnstitutunun hərtərəfli inkişafında və tanınmasında Əziz Əliyevin rolunun son dərəcə böyük olduğunu vurğulayıb: “Onun bu instituta rəhbərlik etdiyi dövrdə institutun kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib, elmi və praktik fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ümumilikdə, institut fəaliyyət göstərdiyi müddət ərzində olduqca böyük uğurlara imza atıb”.
Əhliman Əmiraslanov qeyd edib ki, institutun inkişafının növbəti mühüm mərhələsi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu dövrdə Ümummilli Liderin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı institutdan da yan keçməyib, nəticədə, bu mərhələ institutun çiçəklənmə dövrü kimi xarakterizə olunub: “Həmçinin dünya miqyasında tanınan bir çox tibb mütəxəssisi müxtəlif dövrlərdə bu institutda fəaliyyət göstərib, təhsil alıb. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da bu institutda müəyyən müddət təhsil alması və elmi fəaliyyət göstərməsi institutun nüfuzunun artmasında mühüm rol oynayıb. Bu gün isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğı hər kəsin gözü önündədir”.
Konqresin sədri, ADHTİ-nin rektoru Nazim Pənahov “Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının institutun fəaliyyətinə verilən yüksək qiymət olduğunu qeyd edib. Rektor bu yüksək qiymətə görə institutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Öz çıxışında Nazim Pənahov institutun yaradılması tarixindən və keçdiyi şərəfli yoldan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın əksər həkimləri, eyni zamanda, bir çox xarici ölkələrin tibb mütəxəssisləri ADHTİ-də ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək, öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institut inkişaf edərək, o dövrün tanınmış ali təhsil ocağına çevrilib.
Rektor bildirib ki, Həkimləri Təkmilləşdirmə İnstitutu 90 illik fəaliyyəti ilə Azərbaycanın səhiyyə tarixinin mühüm və ayrılmaz hissəsinə çevrilib. Mürəkkəb tarixi şəraitdə əsası qoyulan bu elm və təhsil ocağı ötən onilliklər ərzində təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda, tibb elminin inkişafına və cəmiyyətin sağlam gələcəyinə xidmət edən strateji mərkəz kimi formalaşıb. Burada çalışan alim və həkimlərin fəaliyyəti nəticəsində tibb təhsilində və davamlı peşəkar inkişaf sahəsində bir çox ilk addımlar məhz bu institutdan başlanıb.
Rektor Beynəlxalq Elmi-Praktik Konqresdə müxtəlif ölkələrdən iştirak edən qonaqların institutun artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu deyib: “Biz qlobal elmi əməkdaşlığa və beynəlxalq inteqrasiyaya xüsusi önəm verir, bu istiqamətdə tərəfdaşlıqlarımızın daha da genişlənəcəyinə inanırıq”.
Tədbirdə institutun tarixindən və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonra Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Özbəkistandan Səmərqənd Dövlət Tibb İnstitutunun rektoru Jasur Rizayev, Rusiya Fasiləsiz Peşəkar Tibbi Təhsil Akademiyasının prorektoru Aleksey Çerepov və digərləri çıxış edərək, ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institutun kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.
İki gün davam edən konqres çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər elmi məruzələrlə çıxış edib, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 10 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib.




Xəbəri paylaş



Yanvar 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova