Naftalan neftinin tibbi məqsədlər üçün istifadəsinə dair Tədbirlər Proqramı qəbul edildi

Naftalan neftinin tibbi məqsədlər üçün istifadəsinə dair Tədbirlər Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.
“Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinin icrası ilə əlaqədar qəbul edilən sənədə əsasən, Səhiyyə Nazirliyinə təsdiq olunan Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və bu barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb.
Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini isə Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Tədbirlər Proqramının birinci bölməsində Azərbaycan ərazisində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsinin mühüm rolu vurğulanır, sağlamlıq turizminin inkişafının ölkənin zəngin təbii resursları ilə sıx bağlı olması qeyd edilir. Bildirilir ki, Naftalan neftinin və ondan hazırlanan preparatların istifadəsi sağlamlıq turizminin inkişafında xüsusi əhəmiyyətə malikdir və onun müalicəvi təsirinin olması beynəlxalq miqyasda tanıdılmasını zəruri edir.
Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin yeni tibbi araşdırmalar, elmi tədqiqatlar vasitəsilə öyrənilməsinə, həmçinin beynəlxalq səviyyədə tanıdılmasına və bu məhsulların tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına yönəldilmiş Tədbirlər Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların təsiri qiymətləndirilib, mövcud vəziyyət təhlil edilib, hədəf göstəricilər və prioritet istiqamətlər, o cümlədən icra müddətləri qeyd edilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri əks olunub.
Bildirilir ki, Naftalan neftindən həm sanatoriya-kurort müəssisələrində, həm də tibb və farmakologiya sahələrində geniş istifadə olunur. Müalicə məqsədilə ondan dərman vasitələri və müxtəlif preparatlar hazırlanır. Məhz bu səbəbdən çıxarılan Naftalan neftinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğunluğu yoxlanılmalı, o cümlədən onun komponentlərinin insan sağlamlığına təsiri klinik tədqiqatlar aparılmaqla müəyyən edilməlidir. Müalicəvi Naftalan nefti bəzi dəri xəstəliklərinin (dəmirov, atopik dermatit, neyrodermit) və dayaq-hərəkət sisteminin bəzi xəstəliklərinin müalicəsində uğurla tətbiq olunur. Bundan əlavə, Naftalan neftindən müxtəlif növ kosmetoloji və gigiyenik məhsulların alınması mümkündür.
“Mövcud vəziyyətin təhlili” bölməsində Naftalan neftinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlara tarixi mənbələrdə rast gəlindiyi qeyd olunur. Hazırda dünyada müalicəvi Naftalan neftinin iki mənbəyi məlumdur: Azərbaycanda Naftalan şəhərinin yaxınlığında və Xorvatiyanın İvaniç Qrad şəhərində. Naftalan şəhərində çıxarılan Naftalan neftinin tərkibindəki naften karbohidrogenlərinin miqdarının Xorvatiyada XX əsrin sonunda ilk dəfə çıxarılmış neft ilə müqayisədə yüksək olması onu unikal edir.
XIX əsrin sonu XX əsrin əvvəlində alman mühəndis E.Yeqer tərəfindən Naftalan şəhərində Naftalan neftindən hazırlanmış məlhəm dünyanın bir çox ölkələrində dəri xəstəliklərinin müalicəsində istifadə olunmağa başlanılıb. Sonrakı dövrlərdə Azərbaycanda bir çox təbabət və kimya alimləri onu tədqiq edib, eksperimental işlər aparıb.
Ölkəmizdə dayaq-hərəkət sistemi, dəri, revmatizm və digər xəstəliklərin müalicəsində Naftalan neftindən sanatoriya-kurort müəssisələrində, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda istifadə olunur. Həmin müəssisələrdə müalicəvi prosedurlar nativ Naftalan vanna qəbulu və yaxma şəklində həyata keçirilir.
“Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra digər təbii ehtiyatlarla yanaşı, “müalicəvi Naftalan nefti” təbii müalicəvi ehtiyat kimi müəyyən edilib, bu sahədə tənzimləmənin əsas istiqamətləri qanunvericiliklə tənzimlənib. Eyni zamanda, təbii müalicə ehtiyatlarından istifadə hüququ və müalicə ehtiyatlarının işlənməsi və insan orqanizminə təsirinin xüsusiyyətləri Tibbi Bərpa İnstitutu tərəfindən elmi tədqiqatlar, çoxillik təcrübələr nəzərə alınmaqla müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında kurortların 2009–2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi Naftalanın inkişafında keyfiyyətcə yeni istiqamətə - ardıcıl olaraq özəl müalicə mərkəzlərinin yaranmasına, göstərilən xidmətlərin daha yüksək səviyyəyə çatdırılmasına səbəb olub, Naftalan nefti ilə aparılan müalicə və digər prosedurlar Azərbaycanda sağlamlıq və tibbi turizmin əsas aparıcı amilinə çevrilib, ölkəmizdə tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilib.
Sənəddə bildirilir ki, Səhiyyə Nazirliyinin müvafiq laboratoriyalarında hazırda istehsal edilən və dövriyyədə olan Naftalan neftindən alınan rafinə olunmuş Naftalan yağı, Naftalan neftinin naften karbohidrogenləri, qatransızlaşdırılmış Naftalan nefti əsasında hazırlanan kosmetik məhsullarda və yuyucu vasitələrdə fiziki-kimyəvi, toksiki elementlərin miqdarının təyini, radioloji və mikrobioloji müayinələr aparılmaqla gigiyenik sertifikatlar və toksikoloji gigiyena rəyləri verilməkdədir. Həmçinin bu məhsuldan hazırlanan dərman vasitələri “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınıb və hazırda aptek təşkilatlarında satışı həyata keçirilir. Son dövrlərdə farmakologiya və biotexnologiya sahələrində Naftalan nefti və ondan alınan aktiv komponentlərin səmərəli istifadəsində yeni yanaşmalar meydana çıxıb. Həmin yanaşmaların öyrənilməsi və tətbiqi Naftalan neftinin dünya bazarında tanıdılmasına müsbət təsir göstərəcək.
Tədbirlər Proqramında hədəf göstəricilər, Proqramın məqsədləri, prioritet istiqamətləri və maliyyələşdirmə mexanizmləri geniş şərh olunur.
Sənəd Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planını da ehtiva edir.
“Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin elmi tədqiqatlar və klinik sınaqlar aparılmaqla öyrənilməsi” adlanan 1-ci prioritet üzrə “Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin müəyyən edilməsi məqsədilə elmi tədqiqatların və klinik sınaqların aparılması üçün təşkilati və texniki tədbirlərin görülməsi”, “Naftalan neftinin və ondan hazırlanan preparatların elmi tədqiqatlarının və klinik sınaqlarının aparılması”, “Naftalan neftinin tibbi araşdırması və elmi tədqiqatın aparılması üçün Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun mövcud laboratoriyasının işinin təkmilləşdirilməsi” və “Naftalan neftinin müalicəvi təsiri barədə aparılan tibbi araşdırmaların, elmi tədqiqatların nəticələrinin müvafiq dövlət informasiya ehtiyatında toplanması” bəndlərinin əsas icraçı orqanı olaraq Səhiyyə Nazirliyi müəyyən edilib. Həmin prioritetin “Klinik sınaqlarda Naftalan neftinin (zərərli komponentlərdən təmizlənmiş fraksiyasının) tətbiqi, o cümlədən nativ Naftalan neftinin təkrar emalı texnologiyasının işlənməsi” bəndinin isə əsas icraçısı Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
“Aparılmış tibbi araşdırmalar və elmi tədqiqatlar, klinik sınaqlar nəticəsində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi istifadəsi, göstəriş və əks-göstərişlərin müəyyən edilməsi, həmin preparatlara dair tələblərin texniki normativ hüquqi aktlarla müəyyən olunması” adlanan 2-ci prioritet üzrə Səhiyyə Nazirliyi “Naftalan neftinin və ondan hazırlanan preparatların göstəriş və əks-göstərişlərinin müəyyən edilməsi, müalicəvi istifadəsi ilə bağlı klinik protokolların və metodiki tövsiyələrin hazırlanması” bəndinin əsas icraçı qurumu, “Naftalan neftindən hazırlanan preparatlara dair tələblərin texniki normativ hüquqi aktlarla müəyyən olunması” bəndinin isə digər icraçılarından biri olaraq təyin edilib.
Tədbirlər Planının 3-cü prioriteti “Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olmasının müəyyən edilməsi məsələsinin qanunvericiliklə tənzimlənməsi” adlanır. Bu barədə təsdiqedici sənədlərin verilməsi ilə bağlı normativ hüquqi bazanın yaradılması da əsas icraçı olaraq Səhiyyə Nazirliyinə tapşırılıb.
Nazirlik həmçinin “Sanatoriya-kurort müəssisələrinə paylanılan Naftalan neftinin mövcud sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə nəzarət, tərkibindəki zərərli komponentlərdən təmizlənərkən ətraf mühitin təhlükəsizliyinin qorunması” adlanan 4-cü prioritetin “Naftalan neftinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun istifadəsinə tibbi nəzarətin həyata keçirilməsi” bəndinin əsas icraçısı, “Naftalan neftinin tərkibindəki zərərli komponentlərdən təmizlənməsi zamanı ətraf mühitin təhlükəsizliyinin qorunmasının təmin еdilməsi” bəndinin digər icraçılarından biridir.
“Kadr hazırlığı” adlanan 5-ci prioritet Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadə edən tibb və sanatoriya-kurort müəssisələrində, o cümlədən Naftalan Kurortunda çalışan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutur. Bu bəndin də icrası əsas icraçı olaraq Səhiyyə Nazirliyinə həvalə edilib.
Proqramın sonuncu prioritet istiqaməti Naftalan neftinin və ondan hazırlanan preparatların beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu prioritet üzrə “Aparılmış klinik sınaqların nəticələrinin milli və beynəlxalq səviyyədə tanıdılması və təbliği” əsas icraçı kimi Səhiyyə Nazirliyinin məsuliyyətindədir. prioritetin digər bəndlərindən birində - “Naftalan neftinə və ondan hazırlanan preparatlara dair əqli mülkiyyət hüquqlarının qorunmasının təmin olunması” bəndində Səhiyyə Nazirliyi digər icraçılardan biri kimi müəyyən edilib.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova