Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyaların tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edib, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibb təhsili, xəstəxanalarının idarə edilməsi, teletibb, əczaçılıq, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibb mərkəzləri və elmi tədqiqat institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.
Səfir Ronen Krausz öz növbəsində İsrail ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, səhiyyə sahəsində əməkdaşlığın da bu münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş











