“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” İşçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə Nazirliyində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tibbi xidmətin təşkili ilə bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə yaradılmış İşçi qrupun növbəti iclası olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən növbəti iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə edilib.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin artırılması, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə olunub, vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində əhaliyə əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
Xəbəri paylaş








