Səhiyyə Nazirliyinin əməkdaşları Vətən müharibəsi qəhrəmanlarını yad ediblər

44 günlük Vətən müharibəsinin başlanmasından beş il keçir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Bu il Anım Günündə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib. Parkın girişində xatirə daşı önünə gül dəstələri düzülüb, Azərbaycanın şəhid övladlarının nurlu xatirəsi dərin ehtiramla yad olunub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində tariximizin ən şərəfli səhifələrindən biri – zəfər və qəhrəmanlıq salnaməsi yazılıb. 27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin başlanğıcı, ərazi bütövlüyümüzün bərpa edilməsinə, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Xəbəri paylaş