Azərbaycan səhiyyəsində yeni dövr: Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Azərbaycan səhiyyəsində yeni dövr: Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.
İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində olub, orada radikal prostatektomiya üzrə robot-assistentli laparoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.
Mərkəzin Baş direktoru akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi-tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib.
Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək, onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər. Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil. O, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.
Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin təşkili, ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.
Robot-assistentli cərrahiyyə prosesi ilə tanışlıqdan sonra səhiyyə naziri Teymur Musayev bildirib ki, Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Onun sözlərinə görə, müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir: “Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Bu münasibətlə başda akademik Cəmil Əliyev olmaqla Milli Onkologiya Mərkəzinin kollektivini ölkəmizin səhiyyəsi üçün atılan böyük addım münasibətilə səmimi qəlbdən təbrik edirəm”.
Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub: “İnsan faktoru daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial rifahı dayanır. Bu baxımdan, bugünkü əməliyyat yeniliyə doğru atılan bir addımdır. Bundan sonra belə diaqnozlar qoyulan ölkə vətəndaşlarımız, demək olar ki, dünyada qabaqcıl texnologiya, ən müasir müalicə üsulu olan bu kimi əməliyyatların tətbiqi nəticəsində öz sağlamlıqlarına çox qısa bir müddətdə qovuşa biləcəklər”.
Robotik cərrahiyyənin müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsi olduğunu qeyd edən Teymur Musayev bu istiqamətdə görüləsi işlərin hələ çox olduğunu deyib: “Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Həmçinin qeyd etmək istəyirəm ki, bu üsulun mərhələli şəkildə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur”.
Nazir bildirib ki, bu gün pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir. “Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyatın robot-assistentli laparoskopik metodun tətbiqi ilə həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra çox qısa bir müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər. İnanıram ki, qısa bir müddətdə bu sahə üzrə digər mərkəzlərin mütəxəssislərinin də Milli Onkologiya Mərkəzində hazırlanması həyata keçiriləcək”.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova