Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı təsdiq edilib

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı təsdiq edilib

Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitə sədri Səhiyyə komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən sessiyada komitədə 13 iclas keçirilib, ümumilikdə, 18 məsələ müzakirə olunub.
Sonra komitə sədri Səhiyyə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Qeyd olunub ki, payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə baxılması, müvafiq ictimai müzakirələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Gündəliyin üçüncü məsələsi – “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən təqdim edilib. Bildirilib ki, qanun layihəsi həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi siğorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək. Qeyd olunan kateqoriyaya aid şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddənin əlavə olunması və Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sonra komitə sədri gündəlikdəki digər məsələ – “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” barədə məlumat verib. 21 maddədən ibarət olan sazişin Müstəqil Dövlətlər Birliyinin məkanında bu sahədə əməkdaşlığın inkişafına xidmət etdiyini söyləyib.
Daha sonra “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib. Qeyd edilib ki, qanunda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib. Layihədə bu dəyişikliklərin digər qanunlarda da təsbiti təklif olunub.
AZƏRTAC xəbər verir ki, payız sessiyası müddətində Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmə keçiriləcək. Bu barədə Səhiyyə komitəsinin iclasında məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, dünyada vərəmə yoluxma halları artır, vərəmin müalicəyə çətin tabe olan formaları ortaya çıxır, ona görə müvafiq qurumlarla birgə dinləmə keçirməyə ehtiyac var. Komitə sədri diqqətə çatdırıb ki, bununla bağlı məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün İş planına daxil edilib.
Müzakirələr zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Günay Əfəndiyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli çıxış edərək fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.
Tədbirin sonunda ötən sessiyada görülmüş işlər qənaətbəxş hesab edilib, komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub və qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova