Narkomaniya ilə mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bu sahədə mübarizənin gücləndirilməsi, həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq, onların icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılıb.
Dövlət başçısının 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Dövlət Proqramında ilk növbədə qlobal trendər şərh olunur. Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları qlobal miqyasda narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir və bu sahədə daha effektiv tədbirlərin həyata keçirilməsi, dövlətlər üçün milli təhlükəsizliyin təmin edilməsi baxımından yeni çağırışlar doğurur. Həmçinin qeyd olunur ki, XXI əsrin qlobal trendləri və müasir çağırışları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rəqəmsal nəzarət sistemlərinin və hüquqi çərçivədə innovativ metodların tətbiqini, dayanıqlılıq təmin edən bir sistemin qurulmasını zəruri edir.
Dövlət Proqramında mövcud vəziyyətin təhlili zamanı bildirilir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40490 nəfər olmuşdur. Onlardan 39485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. Qeydiyyatda olanların 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.
Proqramın hədəf göstəricisi kimi müəyyənləşdirdiyi bəndlər sırasında narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin könüllülük prinsipi əsasında müalicəsinin və sağlam həyat tərzinə qaytarılmasının təşkilində səmərəliliyin artırılması, bu xəstəlikdən xilas olan şəxslərin cəmiyyətə inteqrasiyasına və məşğulluğuna yönəldilmiş layihələrin həyata keçirilməsi, eləcə də uşaq və gənclər arasında milli-mənəvi dəyərlərə sadiq olan, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşması kimi hədəflər nəzərdə tutulur.
Ölkəmizdə narkoloji xidmətin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi Dövlət Proqramının məqsədlərindən biridir.
Sənədin “Dövlət Proqramının prioritet istiqamətləri” bölməsində səhiyyəyə, o cümlədən narkoloji xidmətə aid bir sıra müddəalar yer alıb. Qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, habelə narkomanlığın yayılmasının qarşısının alınması, göstərilən sahədə hüquq mühafizə, səhiyyə və digər aidiyyəti dövlət orqanlarının işinin daha səmərəli icrasının təmin edilməsi məqsədilə təşkilati tədbirlərin gücləndirilməsinə ehtiyac vardır. Görüləcək tədbirlər kimi, yeni narkoloji tibb müəssisəsinin, müvafiq profilli reabilitasiya mərkəzlərinin yaradılması, mövcud dövlət narkoloji tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması, rayon (şəhər) xəstəxanalarında və poliklinikalarında fəaliyyət göstərən narkoloji tibb kabinetlərinin işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər sadalanır. Eləcə də, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat, sağlam həyat tərzinin təşviqi, istifadəçi şəxslərin vaxtında aşkarlanması, könüllülük prinsipi əsasında müalicəsi məqsədilə tibb müəssisələrinin ərazi üzrə polis orqanları ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.
“Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda digər əlaqədar qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də bir sıra tədbirlər görmək həvalə olunub. Bunların bir qismində Səhiyyə Nazirliyi əsas icraçı orqan, digər bir qismində isə icraçı qurumlardan biridir.
Belə ki, “Təşkilati tədbirlər” bölməsində “Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətə başlamasının təmin edilməsi”, “Narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin yaradılması”, “Narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət narkoloji tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi”, “Narkoloji xidmətin təkmilləşdirilməsi və peşəkar kadrlarla təmin olunması məqsədilə həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması istiqamətində əlavə tədbirlər görülməsi” bəndlərinin əsas icraçısı Səhiyyə Nazirliyidir.
Nazirlik həmçinin “Narkotik asılılığının qarşısının alınması məqsədilə beynəlxalq təcrübədə olan yeniliklərin tətbiqi”, “Narkotik istifadəçiləri və onların yaxın qohumları, habelə onlarla birgə yaşayan digər şəxslər üçün onlayn məsləhətlər verilməsi məqsədilə klinik (tibbi) psixoloq və həkim-narkoloqların iştirakı ilə virtual dəstək mexanizminin yaradılması”, “Narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində tətbiq üçün psixoloji dəstək proqramlarının hazırlanması” bəndlərinin də əsas icraçısı olaraq müəyyənləşdirilib.
Narkomanlığın erkən müəyyən edilməsi və könüllülük prinsipi əsasında müalicənin səmərəli təşkili məqsədilə rayon (şəhər) xəstəxanalarında və poliklinikalarında fəaliyyət göstərən narkoloji tibb kabinetlərinin işinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsi əsas icraçı olaraq həm Səhiyyə Nazirliyinə, həm də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə olunub.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminarların, təlimlərin və digər tədbirlərin keçirilməsi digər dövlət qurumları ilə yanaşı, Səhiyyə Nazirliyinin də öhdəliyidir.
Tədbirlər Planının “Normativ hüquqi bazanın təkmilləşdirilməsi” adlanan 2-ci bölməsində əsas icraçısı Nazirlər Kabineti olan bir sıra bəndlər üzrə Səhiyyə Nazirliyi icraçılardan biridir. Bu bəndlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən, narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılmasına yönəldilmiş, eləcə də narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsini nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik edilməsi planlaşdırılır.
Sənədin “Beynəlxalq tədbirlər” bölməsində “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi” bəndində Səhiyyə Nazirliyi əsas icraçı, TƏBİB isə icraçılardan biridir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair beynəlxalq konfranslarda, seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət orqanları (qurumları) mütəxəssislərinin iştirakının təmin edilməsi” bəndinin icrası isə digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də həvalə olunub.
Tədbirlər Planının “Profilaktika və maarifləndirmə tədbirləri” bölməsinin “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkarlanması, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin ərazi üzrə polis orqanları ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi” bəndinin əsas icraçısı olaraq Səhiyyə Nazirliyi və TƏBİB müəyyən edilib.
Həmin bölmənin “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin artırılması məqsədilə həmin tədbirləri icra edən şəxslərin peşəkarlığının yüksəldilməsi üzrə təlimlərin keçirilməsi” bəndində Səhiyyə Nazirliyi əsas icraçı, TƏBİB icraçılardan biridir.
Narkomanlıq xəstəliyindən xilas olan şəxslərin əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarına çıxışının təmin edilməsi digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə və TƏBİB-ə tapşırılıb.
Tədbirlər Planının “Ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında təbliğat işlərinin daha təsirli metodlarla aparılması, rayon və şəhərlərdə uşaq və gənclər arasında maarifləndirmə işinin səmərəli təşkili məqsədilə müxtəlif mövzularda seminar, konfrans, dəyirmi masa və digər tədbirlərin keçirilməsi, həmçinin idman yarışlarının təşkili” və “Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumtəhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimatın təsdiq edilməsi” bəndlərinin icrasında Səhiyyə Nazirliyi də iştirak edəcək.
Narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə və TƏBİB-ə tapşırılıb.
Həmçinin “Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vəsaitlərdən istifadə etməklə təbliğat işinin təşkili, bu sahədə qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, aidiyyəti dövlət orqanları (qurumları) ilə əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi”, “Qeyri-hökumət təşkilatları nümayəndələrinin narkotik vasitələrə və psixotrop maddələrə dair təyin edilmiş ekspertizalar, həmçinin narkotik asılılığından müalicə və reabilitasiya prosesi barədə məlumatlandırılması məqsədilə görüşlərin təşkili”, “Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumtəhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri üçün seminarların keçirilməsi”, “Uşaq və gənclərin iştirakı ilə narkomaniya, alkoqolizm və toksikomanlığa qarşı poster, videoçarx, qısametrajlı film və fləş-mobların hazırlanması” və “Antinarkotik təbliğatı və təşviqatı işlərinin gücləndirilməsi məqsədilə maarifləndirici əyani vəsaitlərin hazırlanması” bəndlərinin icrası üzrə də Səhiyyə Nazirliyinin üzərinə müəyyən öhdəliklər düşür.
Sənəddə hər bir bənd üzrə ilkin, aralıq və yekun nəticələr kimi nəticə indikatorları da şərh olunub.
Xəbəri paylaş